Astarada “Birgəyaşayış mədəniyyəti: sülh, hörmət və anlayış” mövzusunda tədbir keçirilib
İyulun 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran-Astara regional bölməsi və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Astara rayonu üzrə səlahiyyətli nümayəndəliyinin birgə təşkilatçılığı ilə “Birgəyaşayış mədəniyyəti: sülh, hörmət və anlayış” mövzusunda tədbir təşkil olunub.
Astara şəhəri Qum məscidində baş tutan tədbirdə DQİDK-nın Lənkəran-Astara regional bölməsinin əməkdaşları Emin Həmidli, Səyyad Babakişiyev və Famil Talıbov, QMİ-nin Astara rayonu üzrə səlahiyyətli nümayəndəsi İlqar Həsənli, eləcə də dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Çıxışlarda ölkəmizdə mövcud olan sülh mədəniyyəti və nümunəvi birgəyaşayış mühiti barədə ətraflı məlumat verilib. Natiqlər Azərbaycanda müxtəlif millətlərin və dinlərin nümayəndələrinin sülh və həmrəylik şəraitində birgə yaşadığını diqqətə çatdıraraq, yetişməkdə olan yeniyetmə və gənclərin Azərbaycançılıq məfkurəsi və zəngin milli-mənəvi dəyərlərimiz əsasında tərbiyə olunmasının böyük əhəmiyyət kəsb etdiyini vurğulayıblar.