Ağsuda “Tariximizin qanlı səhifəsi” mövzusunda tədbir təşkil edilib
Fevralın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dağlıq Şirvan regional bölməsinin və Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Ağsu rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə Ağsu rayonu Pirhəsənli kənd tam orta məktəbində Xocalı Soyqırımına həsr olunmuş “Tariximizin qanlı səhifəsi” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Dağlıq Şirvan regional bölməsinin əməkdaşı Tural Vahidov, Ağsu RİH Aparatının İctimai-siyasi və humanitar məsələr şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Kənan Tacızadə, Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Ağsu rayonu üzrə gənclər və idman sektorunun əməkdaşı Təhmasib Məhəmmədhüseyin, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Çıxışlarda 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə, Ermənistan silahlı qüvvələri və onlara dəstək verən Dağlıq Qarabağ separatçı qüvvələri tərəfindən Xocalı şəhərində törədilmiş dəhşətli faciədən bəhs edilib. Qeyd edilib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad edərək qısa zaman kəsiyində düşməni darmadağın etməsi ilə Xocalı qurbanlarının, həmçinin birinci Qarabağ müharibəsində həyatlarını itirən insanların hamısının qisası alınmış oldu.
Tədbir müzakirələr ilə yekunlaşıb.



