Ağsuda “Qurban bayramı: sosial həmrəylik, maddi və mənəvi dəstək” mövzusunda maarifləndirici tədbir keçirilib
İyunun 4-də Ağsu şəhərində yerləşən “Nuran Xatun” məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dağlıq Şirvan regional bölməsi və Ağsu Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “Qurban bayramı: sosial həmrəylik, maddi və mənəvi dəstək” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Ağsu Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Kənan Tacızadə, DQİDK-nın Dağlıq Şirvan regional bölməsinin əməkdaşı Tural Vahidov, “Nuran Xatun” məscidinin imamı Nurəddin İslamov, din xadimləri və dini icmaların nümayəndələri iştirak ediblər.
Çıxışlar zamanı Qurban bayramının insanların birlik və bərabərliyinin möhkəmlənməsində oynadığı mühüm rol vurğulanıb. Qeyd olunub ki, bu müqəddəs bayram yalnız dini ibadət deyil, həm də sosial həmrəylik, yardımlaşma və mənəvi dəyərlərin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Tədbir iştirakçıları həmçinin Qurban bayramının insanın mənəvi dünyasına təsiri, paylaşmaq və yardımlaşma ruhunun cəmiyyətə verdiyi töhfələr barədə məlumatlandırılıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, bayramın mahiyyəti və əhəmiyyəti ətrafında fikir mübadiləsi aparılıb.

