Ağstafada "Sülh Aylığı" çərçivəsində tədbir təşkil olunub
Sentyabrın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Qazax-Tovuz regional bölməsi və Ağstafa Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Alı Mustafayev adına Həsənsu kənd tam orta məktəbində "Sülh Aylığı" çərçivəsində “Sülh dili: qarşılıqlı hörmət və anlayış” mövzusunda tədbir təşkil olunub.
Tədbirdə Dövlət Komitəsinin Qazax-Tovuz regional bölməsinin müdiri vəzifəsini icra edən Qüdrət Əliyev, Ağstafa RİH başçısı Aparatının sektor müdirləri Şahhüseyn Qurbanov, Qaib Hadıyev, Rayon Gənclər və İdman Sektorunun müdiri Turan Hüseynov, eləcə də müəllim və şagirdlər iştirak ediblər.
Öncə Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Natiqlər bildiriblər ki, sülh cəmiyyətin davamlı inkişafının, sabitliyin və insanların təhlükəsiz həyatının əsas şərtlərindən biridir. Qarşılıqlı hörmət və anlayış insanlar arasında sağlam münasibətlərin formalaşmasında mühüm rol oynayır. Diqqətə çatdırılıb ki, müxtəlif fikir və mövqelərə hörmətlə yanaşmaq, dialoq və qarşılıqlı anlaşma yolu ilə problemlərin həllinə çalışmaq sülh mədəniyyətinin əsas prinsiplərindəndir. Bu baxımdan, hər bir insanın üzərinə düşən məsuliyyət cəmiyyətdə hörmət, tolerantlıq və humanizm prinsiplərinin möhkəmləndirilməsinə töhfə verməkdir. Xüsusilə gənc nəslin sülh və qarşılıqlı hörmət ruhunda tərbiyə olunması gələcək üçün mühüm əhəmiyyət kəsb edir.


