Ağdaş və İmişli rayonlarında maarifləndirmə tədbirləri keçirilib
İyulun 14-də Ağdaş rayonunda “Müasir dövrdə milli-mənəvi dəyərlər və ailə institutu” mövzusunda tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mərkəzi Aran regional bölməsinin əməkdaşı Asif Ədilov, rayon Gənclər və İdman sektorunun müdiri Samir İsrafilov, rayon Heydər Əliyev Mərkəzinin direktoru Kənan Nəbiyev, gənclər, din xadimləri və dini icma sədrləri iştirak ediblər.
İyulun 15-də İmişli rayonunda “Şəhərsalma və Memarlıq ili” çərçivəsində “Azərbaycanın dini memarlıq inciləri” mövzusunda tədbir keçirilib. Tədbirə Dövlət Komitəsinin Mil-Muğan regional bölməsinin Bəhrəm Abbaslı, Gənclər və İdman İdarəsinin sektor müdiri Ceyhun Abdulov, Rayon İcra Hakimiyyətinin əməkdaşı Murad Rzayev, rayon Heydər Əliyev Mərkəzinin direktor vəzifəsini icra edən Şamil Rzayev, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda milli-mənəvi dəyərlərin cəmiyyətin inkişafındakı rolu, ailə institutunun möhkəmləndirilməsinin əhəmiyyəti, sağlam mənəvi mühitin formalaşdırılmasında dini və milli dəyərlərin qorunmasının vacibliyi vurğulanıb. Qeyd olunub ki, ailə dəyərlərinin təbliği, gənc nəslin vətənpərvərlik, milli kimlik və mənəvi irs ruhunda tərbiyə olunması dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Eyni zamanda Azərbaycanın zəngin dini memarlıq irsi, tarixi məscidlər, türbələr və digər ibadət məkanlarının milli-mədəni irsimizin ayrılmaz tərkib hissəsi olduğu diqqətə çatdırılıb. Bildirilib ki, bu abidələrin qorunması, bərpası və gələcək nəsillərə çatdırılması ölkəmizin mədəni irsinin yaşadılması baxımından mühüm əhəmiyyət daşıyır.

