Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
25.11.2025 / Bölgə xəbərləri

Abşerondakı hərbi hissədə “Dini zəmində bölücülüyün milli təhlükəsizliyə təsirləri” mövzusunda tədbir keçirilib

Noyabrın 20-də Abşeron rayonunda yerləşən Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin təşkilatçılığı ilə “Dini zəmində bölücülüyün milli təhlükəsizliyə təsirləri” mövzusunda tədbir keçirilib.

Tədbirdə Komitənin Abşeron-Xızı regional bölməsinin baş məsləhətçisi Namiq Musayev, Qobu qəsəbə “İmam Hüseyn” cümə məscidinin imamı Əlihüseyn Abasov, eləcə də şəxsi heyət iştirak edib.

Tədbir Ümummilli Lider Heydər Əliyevin, həmçinin Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların əziz xatirəsinin ehtiramla yad edilməsi ilə başlanıb.

Çıxışlarda dini zəmində bölücülük meyillərinin milli təhlükəsizliyə yaratdığı təhdidlər, bu istiqamətdə maarifləndirmə işinin gücləndirilməsinin zəruriliyi vurğulanıb. Bildirilib ki, hərbi hissələrdə bu cür tədbirlərin keçirilməsi hərbçilərin milli-mənəvi dəyərlərimizi daha yaxşı mənimsəməsinə, vətənpərvərlik ruhunun möhkəmlənməsinə və milli təhlükəsizliyə qarşı potensial təhdidlərin qarşısının alınmasına xidmət edir. O da diqqətə çatdırılıb ki, gənclərimizin vətənpərvərlik ruhunda yetişməsi dövlətimizin gücünü daha da artırır və milli birliyimizin təmin olunmasında mühüm rol oynayır.