Abşeron rayonunda dini radikalizm mövzusu müzakirə olunub
Sentyabrın 26-da Abşeron rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin təşkilatçılığı ilə “Radikal dini cərəyanların mahiyyəti və gənclərə psixoloji təsir üsulları” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbir Vətənimizin azadlığı və bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsini yad etməklə və dövlət himninin oxunması ilə başlanıb.
Tədbirdə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin müdiri Yalçın Abdullayev, Məmmədli qəsəbəsi “Şahsevən” məscidinin imamı Bəşir Mansurov, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda ölkəmizdə mövcud olan nümunəvi dövlət-din münasibətləri haqqında ətraflı məlumat verilib, gənclərin dini radikalizm və dini ekstremizm barəsində məlumatlı olmasının vacibliyi vurğulanıb. Qeyd edilib ki, Prezident cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizdə müxtəlif dinlərə etiqad edən insanlar qardaşlıq, dostluq və qarşılıqlı hörmət şəraitində yaşayırlar.


