28 May – Müstəqillik Günü və Qurban bayramı münasibətilə silsilə tədbirlər keçirilir
Mayın 21-də Sumqayıt şəhər “Cümə” məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin təşkilatçılığı ilə “Qurban bayramı: həmrəylik və mənəvi birlik günü” mövzusunda tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin müdiri Yalçın Abdullayev, regional bölmənin əməkdaşları və din xadimləri iştirak ediblər.
Mayın 21-də Ağsu şəhəri “Nuran Xatun” məscidində “Qurban bayramı – yardımlaşma və mənəvi birlik günü” mövzusunda tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələləri sektorunun müdiri Kənan Tacızadə, Dövlət Komitəsinin Dağlıq Şirvan regional bölməsinin əməkdaşı Tural Vahidov, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Nurəddin İslamov, eləcə də dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Mayın 21-də Şəki Tibb Kollecində “Qurban bayramı: həmrəylik və mənəvi birlik” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Şəki-Zaqatala regional bölməsinin məsləhətçisi Minarə Məmmədhüseynova, Kollecin şöbə müdiri İnarə Hacıyeva və tələbələr iştirak ediblər.
Daha bir tədbir mayın 21-də Saatlı rayonunda “Qurban bayramı:həmrəylik və mənəvi birlik” mövzusunda baş tutub. Tədbirdə Dövlət Komitəsinin Mil-Muğan regional bölməsinin əməkdaşları Cavanşir Bəhrəmov, Elvin İbrahimov, Saatlı RİH-nin məsul əməkdaşı Mirəli Məmmədov, dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Mayın 21-də Lənkəran Mərkəzi Kitabxanasında 28 May – Müstəqillik Günü münasibətilə “28 May: tarix, dəyərlər və milli iradə” mövzusunda tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Lənkəran-Astara regional bölməsinin əməkdaşları Emin Həmidli, Famil Talıbov, Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov, kitabxananın əməkdaşları və din xadimləri iştirak ediblər.
Çıxışlarda Azərbaycan xalqının əsrlər boyu formalaşmış zəngin milli-mənəvi dəyərlərinin qorunmasının və gələcək nəsillərə ötürülməsinin vacibliyi vurğulanıb. Bildirilib ki, milli kimliyin, dövlətçilik ənənələrinin və mənəvi dəyərlərin yaşadılması cəmiyyətin inkişafında mühüm rol oynayır. 28 May – Müstəqillik Gününün milli iradənin, azadlıq ideallarının və dövlət müstəqilliyinin təcəssümü olduğu diqqətə çatdırılıb.
Eyni zamanda qeyd olunub ki, Azərbaycanda tarixən formalaşmış tolerantlıq və multikulturalizm ənənələri müxtəlif dini etiqad sahibləri arasında qarşılıqlı hörmət və həmrəyliyin möhkəmlənməsinə xidmət edir. Dini kimliyin milli-mənəvi dəyərlərlə vəhdət təşkil etdiyi, sağlam dini düşüncənin cəmiyyətin mənəvi inkişafına mühüm töhfə verdiyi bildirilib. Qurban bayramının insanlar arasında mərhəmət, paylaşma, humanizm və birlik kimi ali dəyərləri təşviq etdiyi vurğulanıb, gənclərin vətənpərvərlik ruhunda, milli və mənəvi dəyərlərə bağlı şəkildə yetişdirilməsinin əhəmiyyəti qeyd edilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.





