27 Sentyabr – Anım Günü münasibətilə bölgələrdə tədbirlər keçirilib
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) regional bölmələrinin, rayon (şəhər) icra hakimiyyətlərinin və yerli qurumların birgə təşkilatçılığı ilə 27 Sentyabr – Anım Günü münasibətilə “Şəhidlik: Vətənə sevgi və sədaqət zirvəsi” və “Qarabağ zəfərinin mənəviyyat və əxlaq üzərində təsiri” mövzularında silsilə tədbirlər keçirilib.
Yevlax rayonu:
Sentyabrın 25-də DQİDK-nın Yevlax regional bölməsi və Hacıselli kənd məscidi dini icmasının birgə təşkilatçılığı ilə Havarlı kənd məscidində seminar baş tutub. Tədbirdə Komitənin Yevlax regional bölməsinin müdiri Natiq Əfəndiyev, dini icma sədri Elşən Dadaşov, din xadimləri, dini icma sədrləri və şəhid ailələrinin üzvləri iştirak ediblər.
Zaqatala rayonu:
Sentyabrın 25-də Zaqatala rayonu Əliabad qəsəbə 3 nömrəli tam orta məktəbdə DQİDK-nın Zaqatala regional bölməsi, İcra Hakimiyyəti və Şəki-Zaqatala Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə tədbir keçirilib. Tədbirdə Komitənin baş məsləhətçisi Tərlan Nəzərov, RİH-nin nümayəndələri, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Cəlilabad rayonu:
Sentyabrın 24-də Cəlilabad Tibb Kollecində DQİDK-nın Masallı regional bölməsi və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “27 sentyabr – Anım Günü”nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə regional bölmənin məsləhətçiləri Cavidan Rəşidov və Həsən Humbətov, Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Salamat Nəcəfov, müəllimlər və tələbələr iştirak ediblər.
Hacıqabul şəhəri:
Sentyabrın 23-də Hacıqabul şəhər 10 nömrəli tam orta məktəbdə DQİDK-nın Şirvan-Salyan regional bölməsinin təşkilatçılığı ilə “Qarabağ zəfərinin mənəviyyat və əxlaq üzərində təsiri” mövzusunda maarifləndirici tədbir baş tutub. Tədbirdə Komitənin aparıcı məsləhətçisi Sadiq Məmmədov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mingəçevir şəhəri:
Sentyabrın 23-də Mingəçevir şəhərində yerləşən Səməd Vurğun adına 16 nömrəli texniki və təbiət fənləri təmayüllü liseydə DQİDK-nın Yevlax regional bölməsi, Mingəçevir Şəhər İcra Hakimiyyəti və liseyin birgə təşkilatçılığı ilə tədbir keçirilib. Tədbirdə Mingəçevir ŞİH nümayəndəsi Elşən Əliyev, regional bölmənin baş məsləhətçisi Əlisa Fərəcov, şəhid ailələrinin üzvləri, qazilər, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlarda Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsinin daim uca tutulmasının vacibliyi vurğulanıb. Bildirilib ki, şəhidlik zirvəsi Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin təcəssümüdür və gənc nəsil bu dəyərlər ruhunda tərbiyə olunmalıdır. Həmçinin Vətən müharibəsində qazanılmış Qələbənin mənəvi və əxlaqi dəyərlər üzərində qurulduğu, bu zəfərin xalqımızın birliyi və qətiyyəti sayəsində mümkün olduğu qeyd olunub.