Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
29.09.2025 / Bölgə xəbərləri

27 Sentyabr – Anım Günü münasibətilə Bakıda və regionlarda silsilə tədbirlər keçirilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), rayon (şəhər) icra hakimiyyətləri və yerli qurumların birgə təşkilatçılığı ilə Bakıda və bölgələrdə silsilə anım tədbirləri həyata keçirilib.

Gəncə şəhərində keçirilən tədbirdə DQİDK-nın regional bölməsinin əməkdaşları, din xadimləri və dini konfessiya nümayəndələri iştirak ediblər.

Sumqayıt şəhərində baş tutan tədbirdə regional bölmənin müdiri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları, dini konfessiya nümayəndələri və şəhər ictimaiyyəti iştirak ediblər. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi ehtiramla yad olunub, onların vətənə olan sədaqəti və qəhrəmanlığı vurğulanıb.

Qazax və Tovuz rayonlarında təşkil olunan tədbirlərdə DQİDK-nın Qazax-Tovuz regional bölməsinin müdiri vəzifəsini icra edən Pərvin Zeynalov, QMİ-nin Qazax rayon qazısı İlham Süleymanov, din xadimləri iştirak ediblər.

Bakının Binəqədi rayonunda keçirilən tədbirdə rayon icra hakimiyyətinin nümayndələri, DQİDK-nın Bakı regional bölməsinin məsul əməkdaşları, 3 saylı orta məktəbin müəllim və şagirdləri iştirak ediblər.

Ucarda yerləşən Ağdam rayonu 27 saylı köçkün tam orta məktəbində baş tutan tədbirdə Göyçay regional bölməsinin əməkdaşı Rauf Nəsirov, yerli dövlət qurumlarının nümayəndələri və məktəbin şagirdləri iştirak ediblər.

Zərdab rayonunda keçirilmiş tədbirdə DQİDK-nın Göyçay regional bölməsinin əməkdaşı Sədi Hüseynov, YAP rayon təşkilatının sədri İlkin Əliyev, Gənclər və İdman sektorunun müdiri Əvəz Soltanov, şəhid ailələrinin üzvləri, qazilər və gənclər iştirak ediblər.

Oğuz rayonunda Dövlət Komitəsinin Şəki regional bölməsinin məsləhətçisi Samir Salehov, yerli icra və partiya nümayəndələri, ziyalılar və gənclərin iştirakı ilə anım tədbiri təşkil olunub.

Siyəzən rayonunda keçirilən tədbirdə DQİDK-nın nümayəndələri, rayon icra hakimiyyətinin əməkdaşları, “Cümə” məscidinin sədri Qənimət Pirəliyev, şəhid ailələrinin üzvləri və din xadimləri iştirak ediblər.

Quba rayonunda da anım tədbiri keçirilib. Tədbir Dövlət Komitəsinin regional bölmənin müdir müavini Elnur Ağasiyev,  İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Anar Məmmədov,  Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Anar Eyyubov, dini icma üzvləri və din xadimləri iştirak ediblər.

Tədbirlərdə şəhidlərimizin əziz xatirəsi yad edilib, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəmanlarımızın ruhuna dualar oxunub, şəhid ailələrinin üzvləri, qazilər, din xadimləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Şəhidlər xiyabanları ziyarət olunub.

Çıxışlarda Vətən müharibəsinin xalqımızın qəhrəmanlıq salnaməsi olduğu qeyd olunub, torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin və qazilərimizin fədakarlığından bəhs edilib. Bildirilib ki, Anım Günü təkcə hüzn deyil, həm də xalqımızın birliyinin, milli qürurunun və tarix qarşısında məsuliyyətinin təcəssümüdür. Natiqlər  gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyini, dini və milli birliyin qorunmasının bu yolda əhəmiyyətini xüsusi olaraq vurğulayıblar.