15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar Gəncə və Lənkəranda silsilə tədbirlər keçirilib
15 İyun - Milli Qurtuluş Günü ilə əlaqədar bölgələrdə silsilə tədbirlər keçirilib.
İyunun 14-də Lənkəran şəhər Heydər Əliyev Mərkəzində “Milli Qurtuluş Günü - Azərbaycanın dövlətçilik tarixinin şanlı səhifəsidir” mövzusunda tədbir keçirilib. Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının Lənkəran Regional Elmi Mərkəzinin direktoru Mehman Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, şəhər Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Sadıxova, ziyalılar və gənclər iştirak ediblər.
***
İyunun 12-də Gəncə şəhər “İmamzadə Ziyarətgah” kompleksində keçirilən analoji tədbirdə isə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndələri - Hacı Tahir Abbasov, Anar Orucov, din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Qeyd edilib ki, 1993-cü il iyunun 15-də müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanın tarixinə “Milli Qurtuluş Günü” kimi həkk olunub. Məhz 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə yenidən gələn dahi lider Azərbaycanı parçalanmaqdan, məhv olma təhlükəsindən və vətəndaş müharibəsindən xilas edib. Vurğulanıb ki, Azərbaycanın müqəddəratının həll edildiyi ən ağır günlərdə üzləşdiyi çətinliklərdən xilas olması, vətəndaş qarşıdurmasının aradan qaldırılması, ictimai-siyasi sabitliyin və inkişafın təmin olunmasının məhz Ümummilli Liderin yenilməz iradəsi, öz xalqı qarşısında misilsiz fədakarlığı sayəsində mümkün olduğu diqqətə çatdırılıb.


