Ramin Məmmədov: Dini radikalizm milli birliyi sarsıtmağa, sabitliyi pozmağa yönəlmiş ciddi ideoloji təhdidə çevrilib
Dini ekstremizmə qarşı mübarizə təkcə hüquqi və təhlükəsizlik məsələsi deyil, həm də vətəndaşlıq mənsubiyyəti, milli kimlik və dövlətçilik şüurunun qorunması məsələsidir. Bu mövzu həm təhlükəsizliyimiz, həm də mənəvi bütövlüyümüz baxımından müstəsna əhəmiyyət daşıyır. Çünki dini radikalizm milli birliyi sarsıtmağa, sabitliyi pozmağa yönəlmiş ciddi ideoloji təhdidə çevrilib.
Bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Qubada keçirilən “Dini ekstremizmə qarşı mübarizə və müasir çağırışlar” mövzusunda regional konfransda bildirib.
Ramin Məmmədov qeyd edib ki, müasir dövrdə radikalizm daha çox informasiya məkanında yayılır - sosial şəbəkələr, rəqəmsal platformalar vasitəsilə insanların, xüsusilə gənclərin düşüncəsinə təsir etməyə çalışır.
“Azərbaycanın təcrübəsi dini ekstremizmə qarşı mübarizədə nəzəri modellərin praktik sintezinə istinad edir. Preventiv, ideoloji, hüquqi və sosial tədbirlərin uzlaşdırılması ölkədə sabitliyin və təhlükəsizliyin təmin edilməsində mühüm rol oynayır. Təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan bu model, dahi rəhbərin uzaqgörən siyasəti nəticəsində dini ayırıcı deyil, birləşdirici amilə çevirdi. Ulu Öndərin formalaşdırdığı məqsədyönlü strategiya bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.
Müxtəlif konfessiyaların nümayəndələrinin qarşılıqlı hörmət və etimad şəraitində yaşaması aparılan siyasi kursun real nəticəsidir. Biz indi elə bir mürəkkəb dünyada yaşayırıq ki, cəmiyyətimiz yaxın və uzaq coğrafiyalarda baş verən proseslərin müxtəlif formalarda təsirinə məruz qalır. İnsanların mənəvi dünyasını, təfəkkürünü formalaşdıran amillər nəticə etibarilə ictimai şüurun əsas parametrlərini müəyyənləşdirir. Hər bir xalqın özünəməxsus dəyərlər sistemi var. Din bu dəyərlərin komponenti, milli kimliyin mühüm elementlərindən biridir”, - deyə Komitə sədri bildirib.
AZƏRTAC