Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
28.11.2015 / Açıqlama

Nardaran hadisəsində dinlə bağlı heç bir məsələ yoxdur

Dini tolerantlığın yüksək səviyyədə təmin olunduğu Azərbaycanda müxtəlif dini baxışları olan insanlar vahid bir ailə kimi sülh və əmin-amanlıq içində yaşayırlar. Lakin yaradılmış əlverişli şəraitdən sui-istifadə edən bəzi dairələr ölkəmizdəki sabitliyi pozmaq üçün din amilindən də yararlanmağa cəhd göstərirlər. Noyabrın 26-da Nardaranda baş verənlər bunu təsdiq edir.
Respublikada ictimai-siyasi sabitliyi pozmağı, təxribatlar, kütləvi iğtişaşlar, terror aktları törətməyi planlaşdıran və din pərdəsi altında fəaliyyət göstərən silahlı cinayətkar dəstənin zərərsizləşdirilməsi üçün Azərbaycan hüquq-mühafizə orqanları vaxtında sayıqlıq nümayiş etdirmiş, ölkəmizdə sabitliyi pozmaq istəyənlərin cinayətkar əməllərini ifşa etmiş və müvafiq tədbirlər həyata keçirmişlər. Bu məsələyə münasibətini bildirən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib ki, Daxili İşlər Nazirliyinin Nardaranda keçirdiyi əməliyyat qanunidir və ölkə vətəndaşlarını qorumaq məqsədi daşıyır: “Çox təəssüf ki, din pərdəsinə bürünmüş və qondarma “Müsəlman birliyi” adı altında əslində cinayətkar bir təşkilat yaratmış adamlar hüquq-mühafizə orqanı əməkdaşlarının keçirdiyi əməliyyata qarşı çıxıblar”.
Mübariz Qurbanlının sözlərinə görə, təmsil etdiyi qurumun mövqeyi Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun mövqeyi ilə eynidir. “Nardaranda polisin keçirdiyi əməliyyat istər Nardaran əhalisi, istərsə də ictimaiyyət tərəfindən dəstəklənir. Çünki “Müsəlman birliyi” adlanan qurum qeyri-qanuni fəaliyyət göstərir. Din adı altında gizlənən Tale Bağırzadə və Əbülfəz deyilən adamlar əslində kənardan aldıqları sifarişləri yerinə yetirirlər və faktiki olaraq kriminallaşmış şəxslərdir. Təəssüf ki, hadisələr zamanı iki nəfər polis əməkdaşı dünyasını dəyişib. Bu şəxslər və onları himayə edənlər olanlara görə öz cəzalarını alacaqlar. Bu kimi qanunsuzluqların qarşısını almaq lazımdır ki, Azərbaycanda din adı altında milli müstəqilliyimizə və dövlətçiliyimizə xələl gətirə bilməsinlər”, - deyə M.Qurbanlı bildirib.
“Bu əməl ayrı-ayrı dövlətlərin sifarişlərini yerinə yetirmək məqsədi daşıyırdı. Bu məsələ hüquq-mühafizə orqanlarına bəlli olduqdan sonra o insanlar dəfələrlə izahat vermək üçün dəvət edilmələrinə baxmayaraq, gəlməyiblər. Hüquq-mühafizə orqanları əməliyyat keçirərkən polisə silahlı müqavimət və tabesizlik göstərilib. Nəticədə iki polis qəhrəmancasına şəhid olub”. Bunu isə açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov Nardaran hadisələrinə münasibət bildirərkən deyib.
S.Novruzovun sözlərinə görə, bütün ölçülər götürülməlidir ki, bu cür qanunazidd hərəkətlərin qarşısı qətiyyətlə alınsın: “Çünki Azərbaycanda bugünkü ictimai-siyasi sabitliyin yaranması üçün böyük əziyyət çəkilib. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bir neçə il Azərbaycanda qanunsuz silahlı dəstələrin zərərsizləşdirilməsi və ictimai-siyasi sabitliyin yaranıb, möhkəmlənməsi üçün böyük işlər görüb, addımlar atıb. Bu gün Prezident İlham Əliyev tərəfindən də bu yol davam etdirilir. Ona görə də kim Azərbaycanda ictimai-siyasi sabitliyi pozmağa, ayrı-ayrı dövlətlərin təhriki ilə Azərbaycan dövlətinə, dövlət quruluşuna və xalqına qarşı addımlar atmaq istəyəcəksə, onların qarşısı qətiyyətlə alınacaq”.
Siyavuş Novruzov qeyd edib ki, Nardaran hadisəsində dinlə bağlı heç bir məsələ yoxdur, din pərdəsi altında törədilən əməllər var: “Azərbaycanda dövlət tərəfindən dini sahəyə diqqət və qayğının şahidi olmuşuq. Azərbaycanda bir dənə də məscid təmirsiz qalmayıb, ən yüksək səviyyədə yenidən qurularaq insanların istifadəsinə verilib. Buna misal olaraq Qafqazda ən qədim məscid olan Şamaxı məscidini, Gəncədə İmamzadə kompleksini göstərmək olar. Qafqazda və dünyada ən böyük məscidlərdən biri olan Heydər Əliyev məscidi tikilib, insanların istifadəsinə verilib. Hər bir kəs dini ayinləri azad şəkildə yerinə yetirə bilər. Biz hansısa dövləti təkrar edə bilmərik, öz adət-ənənələrimiz, dinə öz baxışımız var. İslam Azərbaycanda olduğu qədər heç bir yerdə yoxdur və ən düzgün forması da Azərbaycandadır. Hansısa xarici kəşfiyyat orqanları Azərbaycanda nə isə etmək, nələri isə qarışdırmağa çalışmaq istəyəcəklərsə, bunların qarşısı qətiyyətlə alınacaq”.
Qeyd edək ki, fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən cinayət işi başlanılaraq istintaq aparılır. Bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğunun məlumatında bildirilir ki, cinayətin bütün iştirakçılarının, o cümlədən bu silahlı cinayətkar dəstəyə kömək edən şəxslərin müəyyən edilib tutulması və məsuliyyətə cəlb olunması üçün əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri həyata keçirilir.
 
 
R.İSLAMOĞLU,
 
“Azərbaycan” qəzeti 
28 noyabr, 2015-ci il