Mübariz Qurbanlı:"Azərbaycan Qafqaz bölgəsində İslam dininin qorunmasında əhəmiyyətli rol oynayır"
"Bu gün bizim tariximiz öz əlimizdədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni zirvələrə yüksəlirik".
Salamposts xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Şeyxülislamlığın tarixi" kitabının təqdimat mərasimində bildirib.
M.Qurbanlı bildirib ki, müstəqilliyimizi bərpa etdikdən sonra Ulu Öndər Heydər Əliyev strategiyamızı təyin edib: "Ulu Öndər AMEA-da tarixçiləri bir yerə yığaraq tariximizin düzgün yazılmasını bildirmişdi. Bu gün biz tariximizin sahibiyik".
O vurğulayıb ki, sözügedən kitab da dini tariximizin öyrənilməsi baxımından əhəmiyyətlidir: "Şeyxülislam Allahşükür Paşazadəyə təşəkkür edirik ki, bu cür qiymətli kitab ərsəyə gətirib. Qafqaz Müsəlmanları İdarəsinin dini tariximizlə bağlı bir sıra kitabları çap olunub. Belə kitabların ərsəyə gəlməsi ona xidmət edir ki, Qafqazın avanqard bölgəsi olan Azərbaycan İslam dininin qorunmasında və təbliğində əhəmiyyətli rol oynayır. Müəlliflər tarixi mənbələri araşdıraraq bizə təqdim ediblər".
M.Qurbanlı əlavə edib ki, bu gün Azərbaycanda dövlət-din münasibətləri qanunlar çərçivəsində həyata keçirilir, Qafqaz Müsəlmanları İdarəsi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birgə fəaliyyət göstərir.