Mübariz Qurbanlı: "Paşinyan Türkiyənin münaqişədə iştirak etməsi ilə bağlı dezinformasiya yaymaqla məğlubiyyəti sığortalamağa çalışır!”
“Ermənistanın təcavüzkarlığını, baş vermiş budəfəki hadisələrdə Ermənistanın birbaşa günahkar olduğunu göstərmək üçün cənab Prezident "Rossiya 1" telekanalının "60 dəqiqə" verilişində çox tutarlı, məntiqli və ardıcıl bir şəkildə Azərbaycanın mövqeyini dünya ictimaiyyətinə çatdırdı.”
Bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Azərbaycan Televiziyasının "Əsas məsələ" verilişində səsləndirib.
Mübariz Qurbanlı qeyd edib ki, Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər Rusiya ictimaiyyəti ilə yanaşı, MDB məkanında rusdilli ictimaiyyətə çatdırılmaqla çox əhəmiyyətli rol oynadı, eyni zamanda bu çıxış dünya KİV-lərinə yayıldı.
“Burada bir daha Ermənistanın, onun indiki rəhbərliyinin tutduğu qeyri-konstruktiv mövqe və yalan üzərində qurulmuş siyasəti ifşa olundu. Eyni zamanda, Paşinyanın verilən sualları ləng cavablandırması, suallardan yayınması, həmçinin cavablarında yalana yol verməsi onu göstərdi ki, Ermənistan indiki şəraitdə həm informasiya, həm hərb, həm də diplomatiya cəbhəsində çox uğursuz bir vəziyyətdədir.”
Verilişdə həmçinin Ermənistan tərəfinin yaydığı daha bir yalan məlumata - Türkiyə hərbçilərinin Azərbaycan tərəfindən döyüşməsinə də Prezident İlham Əliyevin əsaslı arqumentlərlə bildirdiyi münasibət müzakirə edilib.
Məsələ ilə bağlı fikirlərini söyləyən Mübariz Qurbanlı qeyd edib ki, bu müharibədə Paşinyan erməni silahlı qüvvələrinin məğlub olacağını dəqiq bilir, Azərbaycan Silahlı Qüvvələrinin də üstün mövqedə olduğunu görməkdədir. Ona görə məğlubiyyətlərini sığortalamaq istəyirlər. Yəni, bu məğlubiyyət nəticəsində hər hansı bir müzakirələr açıldığı təqdirdə Paşinyan deyəcək ki, biz tək Azərbaycanla savaşmırdıq, biz həm Türkiyə, həm də Azərbaycanla savaşırdıq. Və hətta deyə bilər ki, Türkiyə o qədər güclü ölkədir ki, Yaxın Şərqdə bir sıra əməliyyatlarda özünü təsdiq edib.
“İkinci bir tərəfdən də Paşinyan, eləcə də indiki Ermənistan siyasi və hərbi rəhbərliyi çalışır ki, bu müharibəyə kənar bir ölkəni də cəlb etsin. Onlar səy göstərirlər ki, xüsusilə Rusiya ictimai rəyində belə bir fikir formalaşdırsınlar ki, guya Türkiyə artıq Qafqazda üstünlüyü ələ alır.”
Verilişlə daha ətraflı aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:
https://www.youtube.com/watch?v=sNhCBofcAvU&list=PLOBkCoG0eyX5JeQLciunib8nXO_vPHLVq