Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
06.03.2023 / Açıqlama

Mübariz Qurbanlı: “Heydər Əliyevin apardığı siyasət etnik mənsubiyyəti və dini baxışlarından asılı olmayaraq ölkə vətəndaşları tərəfindən dəstəkləndi"

“Heydər Əliyev İli” çərçivəsində martın 3-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev və müasir Azərbaycanın siyasi sistemi: plüralizm və bərabər imkanlar” mövzusunda konfrans keçirilib.

Konfransda YAP İdarə Heyətinin üzvü, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Müasir Azərbaycanın siyasi sisteminin əsas prinsipləri” mövzusunda çıxış edərək bildirib ki, cəmiyyətin və dövlətin inkişafı siyasi sistemlə, onun xarakteri, prinsipləri və funksiyaları ilə sıx bağlıdır. Onun sözlərinə görə, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmizdə demokratik siyasi sistemin bərqərar olması üçün tarixi-siyasi şərait yarandı: “1993-cü ildə ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra Azərbaycanda demokratik siyasi sistemin formalaşması və inkişafı istiqamətində məqsədyönlü dövlət siyasətinin həyata keçirilməsinə başlandı. 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasında ölkəmizin siyasi sisteminin əsas  prinsipləri öz əksini tapdı. Bu sahədə atılan addımlar idarəetmə institutlarının inkişafı üçün əlverişli şərait yaratdı və idarəetmə münasibətlərində şəffaflığı təmin etdi. İnsan hüquq və azadlıqlarının təmin olunmasına dair ölkə qanunvericiliyi təkmilləşdirildi”.

Mübariz Qurbanlı qeyd edib ki, demokratik siyasi sistemin bərqərar olması nəticəsində ölkəmizdə siyasi mədəniyyət inkişaf etdi: “Siyasi sistemin vətəndaşlara geniş hüquq və azadlıqlar verməsi siyasi mədəniyyətin mütərəqqi xarakter daşımasında mühüm rol oynadı. Ölkəmizin demokratik siyasi sistemi insan hüquq və azadlıqlarının təmin olunması ilə bağlı səmərəli hüquqi mexanizmləri özündə ehtiva etdi. Ölkə vətəndaşları çoxpartiyalı sistemə əsaslanan seçkilər yolu və vətəndaş iştirakçılığını təmin edən digər hüquqi vasitələrlə qərarların qəbul olunması prosesində fəal iştirak etməyə başladılar. Siyasi sistemin özündə ehtiva etdiyi demokratik dəyərlər azərbaycançılıq məfkurəsinin və vətəndaş həmrəyliyinin möhkəmlənməsində, dünya azərbaycanlılarının vahid amal uğrunda birləşməsində mühüm rol oynadı. Heydər Əliyevin apardığı siyasət etnik mənsubiyyəti və dini baxışlarından asılı olmayaraq ölkə vətəndaşları tərəfindən dəstəkləndi və onlar müstəqil dövlət quruculuğu prosesində yaxından iştirak etdilər. Ölkəmizin siyasi sisteminin demokratik xarakter daşıması xarici siyasətdə də öz təsirini göstərdi. Azərbaycanın xarici siyasəti beynəlxalq hüquqi normalar, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, daxili işlərinə müdaxilə edilməməsi kimi prinsiplər əsasında quruldu”.

YAP İdarə Heyətinin üzvü vurğulayıb ki, Azərbaycanın siyasi sisteminin əsas prinsipləri Yeni Azərbaycan Partiyasının Proqramında öz əksini tapır.

“Müasir dövrün çağırışlarına uyğun olaraq Azərbaycanın siyasi sisteminin daha da təkmilləşdirilməsi istiqamətində Prezident İlham Əliyev tərəfindən məqsədyönlü siyasət aparılır.  Ölkəmizdə yeni siyasi konfiqurasiyanın yaranması və partiyalararası dialoqun möhkəmləndirilməsi sahəsində mühüm addımlar atılır. Ölkəmizin tərəqqisi naminə aparılan dövlət siyasəti ətrafında Azərbaycan vətəndaşlarının sıx birləşməsi demokratik siyasi sistemin milli həmrəyliklə bağlı yaratdığı əlverişli şəraitdən irəli gəlir. Xüsusilə, 44 günlük Vətən müharibəsində ölkə vətəndaşlarının Prezident İlham Əliyevin həyata keçirdiyi siyasəti fəal şəkildə dəstəkləməsi siyasi və milli həmrəyliyin bariz nümunəsidir”,- deyə Dövlət Komitəsinin sədri qeyd edib.

AzərTac