Kubanıçbek Ömüralıyev: “Yeni əməkdaşlıq mexanizmi Türk dövlətləri arasında etimadı daha da möhkəmləndirəcək”
"Dini məsələlər üzrə dövlət qurumları arasında əməkdaşlığın gücləndirilməsi sosial harmoniyanın möhkəmlənməsinə, ortaq dəyərlərin qorunmasına və regional sabitliyin təmin olunmasına mühüm töhfə verəcək".
Bu fikirləri Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev Şuşada keçirilən TDT-yə üzv ölkələrin dini məsələlər üzrə dövlət qurumları rəhbərlərinin Birinci Görüşündə jurnalistlərə açıqlamasında səsləndirib.
O bildirib ki, dövlət qurumları arasında təcrübə mübadiləsi və koordinasiyanın gücləndirilməsi ortaq çağırışlara qarşı daha səmərəli fəaliyyət göstərməyə imkan yaradacaq. Kubanıçbek Ömüralıyev vurğulayıb ki, gənc nəslin milli-mənəvi dəyərlərə bağlı, müasir bilik və bacarıqlarla yetişdirilməsi, eləcə də ortaq tarixi-mədəni irsin qorunması Türk dünyasının gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır.
Baş katib yeni əməkdaşlıq mexanizminin Türk dövlətləri arasında qarşılıqlı etimadın, həmrəyliyin və institusional əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyinə əmin olduğunu bildirib.