Kövsər Tağıyev: Gənclər arasında dini maarifçilik dövrün mühüm çağırışıdır
Gənclər arasında dini maarifçilik, ənənəvi dəyərlər və rəqəmsal platformalar mövzusu dövrün mühüm çağırışıdır.
Bu fikirləri Şəmkirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə gənclər arasında dini maarifçilik mövzusunda keçirilən regional konfrans çərçivəsində jurnalistlərə açıqlamasında Azərbaycan İlahiyyat İnsitutunun dekan müavini Kövsər Tağıyev deyib.
O, müasir dövrdə gənclərin kənar təsirlərdən qorunmasının vacibliyini önə çəkib: "Konfransda həm ənənəvi dəyərlərin qorunması, yaşadılması, həm də rəqəmsal platformaların cəmiyyətimizə, xüsusilə gənclərə təsirləri müxtəlif aspektlərdən müzakirə olunur. İlahiyyatçı ekspertlərin, din xadimlərinin bu barədəki təcrübələri, bilik və bacarıqları bu konfrans çərçivəsində bir araya gətirilir. Ortaq nəticələrin praktiki müstəvidə necə tətbiq olunmasının yolları araşdırılır.
Bu baxımdan, keçirilən konfrans olduqca əhəmiyyətlidir və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu cür tədbirləri davamlı olaraq təşkil edəcək. Çünki cəmiyyətin, xüsusilə gənclərin doğru istiqamətləndirilməsi, yad təsirlərdən qorunması, milli-mənəvi dəyərlərdən uzaqlaşmasının qarşısını almaq üçün bu kimi tədbirlərin mütəmadi keçirilməsi və maarifləndirmə işinin aparılması son dərəcə əhəmiyyətlidir".
report.az