Gündüz İsmayılov: “Dünya birliyi kimin təcavüzə məruz qaldığını çox gözəl bilir”
“Biz Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) olaraq işğal altında qalan və təcavüzə məruz qalmış, erməni vandalizminin qurbanı olmuş tarixi dini abidələrimizlə bağlı məsələni daim diqqət mərkəzində saxlayırıq”. Bunu SİA-ya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.
Sədr müavinin sözlərinə görə, indiyədək həm ölkə daxilində, həm də beynəlxalq təşkilatlar səviyyəsində xarici ölkələrdə işğal olunmuş tarixi dini abidələrimizin dağıdılması ilə bağlı müxtəlif səviyyələrdə tədbirlər təşkil edilib, konfranslar keçirilib: “Bununla belə işğal altında qalmış tarixi dini abidələrimizlə bağlı fotoalbomlar hazırlanıb. Həmin fotoalbomlarda həm işğaldan öncəki, həm də işğaldan sonrakı vəziyyətin şəkilləri əks olunub. Onlarla bağlı tarixi məlumatlar əks edilib. Həmin materiallar istər Avropada, Amerikada, istərsə də müsəlman ölkələrində yayılıb. Bundan əlavə DQİDK işğal altında qalmış tarixi dini abidələrimizin fotolarından ibarət sərgilər təşkil edib.
İndiyə qədər belə sərgilər Avropada, UNESCO-nun Mənzil Qərargahında, Brüsseldə, Moskvada, Nyu-Yorkda, eyni zamanda Təbrizdə, İslamabadda, Mərakeşdə nümayiş olunub. Hətta biz ərəb, fars, ingilis, rus dillərində, eyni zamanda Azərbaycan dilində müxtəlif büroşuralar, kitablar, fotoalbomlar hazırlayıb paylamışıq. Eləcə də müxtəlif beynəlxalq təşkilatlar səviyyəsində bu məsələni qaldırmaq istəmişik və qaldırmışıq da. Bununla belə beynəlxalq təşkilatlara müraciətimiz olub. Sonuncu dəfə belə müraciətimiz aprel hadisələri zamanı ərəfəsində oldu. Bildiyiniz kimi aprel hadisələri zamanı cəbhə xəttinə yaxın ərazilərdə yerləşən bir neçə məscidimiz ziyan çəkdi. Həmin məscidlər, eyni zamanda işğal altında qalan digər məscidlərimizlə də bağlı beynəlxalq təşkilatlara, BMT-yə, UNESCO-ya müraciətlər ünvanladıq.
G.İsmayılov əlavə edib ki, dünyada bir ayrı-seçkilik var: “Təəssüf ki, onlar həqiqətləri bilsələr də reallıqlara göz yummaq istəyirlər və buna çalışırlar. Heç şübhəsiz ki, bu ayrı-seçkilikdən ən çox əziyyət çəkənlərdən biri də Azərbaycandır. Əslində dünya ictimaiyyəti, dünya birliyi kimin təcavüzə məruz qaldığını çox gözəl bilir. Sadəcə olaraq bəzi beynəlxalq təşkilatlar, ekspertlər bu məsələni görməməzlikdən gəlirlər”.