DQİDK sədri Mübariz Qurbanlı: “İşğaldan azad olunan torpaqlarımızda tarixi-dini abidələr bərpa olunacaq”
“İşğal olunmuş torpaqlarımızın azad edilməsi uğrunda ölkəmizin uğurla həyata keçirdiyi Vətən müharibəsində etnik tərkibindən, dini mənsubiyyətindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı fəal şəkildə iştirak edir”. Bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Real TV-yə müsahibəsində bildirib. Komitə sədri vurğulayıb ki, müharibədə iştirak edən əsgərlərimizə hamı eyni dərəcədə öz diqqət və qayğısını göstərir, yardımını etməyə çalışır, həmrəylik nümayiş etdirir. Mübariz Qurbanlının sözlərinə görə, bu bizim milli xüsusiyyətimiz, sərvətimiz, həm də dəyərimizdir. Biz bu dəyəri çox yüksək qiymətləndiririk və Azərbaycan dövlətinin siyasətində də bu özünü açıq şəkildə göstərir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri deyib ki, hazırki Vətən müharibəsində, eləcə də birinci Qarabağ savaşında, Aprel döyüşlərində Azərbaycandakı dini məbədlərdə çalışan din xadimləri hər zaman öz ibadətlərində Azərbaycan Ordusuna, Azərbaycan əsgərinə dualar edib, qələbə çalmağımız üçün çağırışlar ediblər: “Bu müharibədə dini konfessiyalar Azərbaycan xalqı ilə həmrəydir. Döyüş meydanında şəhid olan əsgərlərimizin içərisində rus, yəhudi xalqlarının və digər xalqların və dinlərin nümayəndələri vardır. Bu çox dinlilik və multikultural dəyərlərin mövcud olduğu ölkədə mühüm göstəricidir. Ölkəmizdə fəaliyyət göstərən müsəlman icmaları ilə yanaşı, qeyri-islam dini icmaları Ermənistanın Azərbaycan əleyhinə xaricdə apardığı təbliğata qarşı da kifayət qədər fəallıq nümayiş etdirirlər. Qeyri-müsəlman dini icmaları xaricdə olan mərkəzlərinə, o cümlədən Amerika Birləşmiş Ştatlarının Konqresinə, ATƏT, Avropa Şurası və digər beynəlxalq qurumlara müraciət edərək bu müharibənin hər hansı bir dini qarşıdurma və dinlərarası müharibə olmadığını ifadə ediblər”.
Təcavüzkar Ermənistanın monoetnik ölkə olduğunu diqqətə çatdıran DQİDK sədri vurğulayıb ki, Ermənistanda Qriqoryan kilsəsi var, hətta orada pravoslav kilsəsini belə sıxışdırırlar. “Mən hələ İslama aid olan məbədləri demirəm, onları tamamilə aradan qaldırıblar, qeyri dinlərə məxsus dini icmalar isə Ermənistanda faktiki olaraq yox dərəcəsindədir”, deyə Dövlət Komitəsinin sədri əlavə edib.
Erməni tərəfinin Azərbaycana atdığı ballistik raketlər nəticəsində Gəncədəki dini-tarixi abidələrin, İmamzadə kompleksinin, Aleksandr Nevski adına kilsənin də zərər çəkdiyini bildirən Mübariz Qurbanlının sözlərinə görə, eyni zamanda digər ərazilərimizə atılan raketlər də tarixi-dini abidələrə zərər vurub: “Ermənilər həqiqəti ört basdır etmək üçün daha çox yalana əl atırlar. Ermənilər tarixi-dini abidələr haqqında danışmağa mənəvi haqqı olmayan xalqlardan biridir. Ermənistanda xalqımıza məxsus tarixi-dini abidələr, məzarlıqlar darmadağın, yerlə-yeksan edilib. Dağlıq Qarabağda ermənilər 1000-ə qədər dini və mədəniyyət abidələrinə qarşı vandallıq nümayiş etdiriblər. Bunların içərisində yüzlərlə məscidlər vardır. Bu 21-ci əsr barbarlığının nümunəsidir. Onlar erməni təbliğatı və hiyləsinin bir forması kimi saxladıqları Şuşadakı Yuxarı Gövhərağa məscidini isə özgələşdiriblər, Azərbaycana məxsus olmadığını göstərmək üçün məsciddə təmir işləri aparıblar. Məscidin fasadını, memarlıq elementlərini dəyişməklə başqa xalqa məxsus olduğunu göstərməyə çalışıblar”.
Mübariz Qurbanlının sözlərinə görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi erməni vandalizmi barədə 5 dildə kitab çap etdirib. Həmin kitabda erməni vandalizmi fotofaktlarla göstərilib: “Bu yaxınlarda isə erməni tapdağından azad olunan Zəngilandakı məsciddə əsgərlərimizin çəkdiyi videogörüntü erməni vandallığının növbəti sübutudur. Bu fakt ermənilərin insanların heysiyyatına, dini dəyərlərinə barbarcasına yanaşmasının növbəti bariz nümunəsidir. Ermənilərin tarixi-dini abidələrə qarşı etdiyi bu barbarlığa tarixi-dini abidələrin soyqırımı demək olar. Qafqaz Albaniyası tarixdə çox böyük izə, mədəni irsə malikdir. Ermənilər Çar Rusiyası Qafqaza gəldikdə və Azərbaycan da Çar Rusiyasının tərkibinə daxil edildikdən sonra həmin tarixi irsi, tarixi abidələri, o cümlədən kilsələri də mənimsəmə xəttini həyata keçiribdir. Kəlbəcər, Laçın, Xocavənd və Ağdərədə Qafqaz Albaniyasına aid tarixi-dini abidələr vardır ki, bu ərazilər azad edildikcə onlar Alban-Udi xristian dini icmasına veriləcək və Qafqaz Albaniyasının tarixi-dini mədəniyyətinin nümunələri kimi xalqımızın istifadəsində qalacaqdır”
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı onu da deyib ki, Azərbaycana xaricdən gələn nümayəndələr Bakıda erməni kilsəsinin necə qorunduğunu gördükdən sonra Azərbaycanın dinlərə, abidələrə nə qədər tolerant yanaşdığının şahidi olublar və bunu etiraf ediblər. “Həmin kilsədə 30 mindən çox erməni yazıları saxlanılır. Ermənilərin katolikosu buraya gəldikdə özü də onlarla tanış olmuşdur. Baxmayaraq ki, Ermənistan bizə qarşı təcavüz edib, dini məsələlərə Azərbaycan hər zaman həssaslıq nümayiş etdirib”, - deyə natiq vurğulayıb.
DQİDK sədri bildirib ki, işğaldan azad olunan torpaqlarımızda azan səsi eşidilməkdədir və həmin ərazilərdə yenidənqurma, bərpa işlərində təbii ki, tarixi dini abidələrin bərpası nəzərdə tutulur.