DQİDK-nın şöbə müdiri Yaqut Əliyeva: Tolerantlıq Azərbaycan xalqının spesifik keyfiyyətidir
Tarix boyu Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələri sülh, əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşayıblar. Azərbaycan dövləti demokratik hüquqi prinsiplərə əsaslanan birgəyaşayışa, yüksək dözümlülük mühitinin, multikultural dəyərlərin təşviqinə hər zaman xüsusi əhəmiyyət verir və bütün etnik azlıqların mədəni-mənəvi dəyərlərinin qorunub-saxlanılmasına, dil və mədəniyyətinin inkişafına böyük diqqət və qayğıyla yanaşır.
Bu gün tolerantlıq milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva mövzu ilə bağlı "İki sahil"ə açıqlamasında bildirmişdir ki, “Ölkəmizdə dövlət-din münasibətləri modeli çərçivəsində bütün dini konfessiyaları qanun qarşısında bərabər, eyni zamanda, eyni statusa malik olması artıq bütün dünyaya məlumdur. Yaqut Əliyeva tolerantlığın Azərbaycan xalqının spesifik keyfiyyəti olduğunu və bunu bütün dünyanın qəbul edib məmnunluq duyduğunun həqiqət olduğunu qeyd etmişdir. “Azərbaycan hökumətinin din siyasətinin prioritet istiqamətlərindən biri məhz mövcud tolerant, multikultural dəyərlərin qorunması, təbliği və təşviqi ilə bağlıdır. Ölkə rəhbərliyi mütəmadi olaraq dini icmaların liderləri ilə görüşür, onların ehtiyac və problemlərinə diqqət göstərir. Prezident İlham Əliyevin ölkənin müsəlman əhalisi ilə yanaşı, xristian və yəhudi icmalarını dini bayramlar münasibətilə təbrik etməsi bu müdrik siyasətin bariz göstəricisidir. Bu gün Azərbaycanda yalnız kilsə və sinaqoqlar deyil, eyni zamanda bir çox xristian, yəhudi dini tədris müəssisələri sərbəst, heç bir maneə olmadan fəaliyyət göstərir və onlara dövlət tərəfindən qanun çərçivəsində lazımi dəstək verilir. Çünki müxtəlif dinlərə münasibətdə tolerantlığı ilə seçilən xalqımız bu spesifik keyfiyyətinə görə nəinki Şərqdə, hətta bütündünyada fərqlənmiş və bu gün də fərqlənməkdədir. Azərbaycanda müxtəlif dini konfessiyalar tərəfindən ibadət evlərinin tikintisinə və bərpasına fərqli dini icmaların nümayəndələrinin maddi və mənəvi dəstək verməsi, ianələr toplaması tarixi keçmişimizdən qalan mütərəqqi ənənədir. Hazırda Azərbaycanda dövlət qeydiyyatına alınan dini qurumlardan 35-i qeyri-islam (xristian – 24; yəhudi – 8;krişna – 1; bəhai – 2) təmayüllüdür, o cümlədən ölkəmizdə 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir. Bu mütərəqqi ənənələrin, ali dəyərlərin qorunub saxlanılmasına və davam etdirilməsinə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsidə öz səlahiyyətləri çərçivəsində layiqli töhfələr verir. Bu istiqamətdə son illər bir çox yerli və beynəlxalq əhəmiyyətli tədbirlər həyata keçirən Komitə dini konfessiyalar arasında əlaqələrin də dərinləşməsinə, qarşılıqlı hörmət, anlaşma və dözümlülük mühitinin möhkəmlənməsinə fəal dəstək verərək mövcud tolerantlıq mühitinin daha da təkmilləşdirilməsinə xidmət edir.”