Dövlət Komitəsinin sədri: Elm və mənəviyyat yenidənqurmanın iki əsas sütunudur
Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa-quruculuq işlərinin sosial-iqtisadi və siyasi əhəmiyyəti ilə yanaşı, həm də mənəvi məzmunu var: Bu, xalqımızın onilliklər ərzində qırılmış qürurunun, əzilmiş ruhunun bərpasıdır. Azərbaycan bu torpaqlara mədəniyyətini, elmini, gələcəyini geri qaytarır. Bu, nifrətin yerinə sülhün, təhsilin, maarifin gətirilməsidir.
Bunu Qarabağ Universitetində keçirilən "Mənəvi dəyərlər" günündə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov deyib.
Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılmasını yüksək qiymətləndirən Ramin Məmmədov deyib: "Qarabağ Universitetinin yaradılması tarixin yeni bir dövrünün işarəsidir. Azərbaycan xalqı 30 il ərzində dağıdılmış, viran qoyulmuş torpaqları təhsil, mədəniyyət və iqtisadi rifah mərkəzinə çevirir”.
"Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və onun tabeliyindəki qurumların əsas məqsədi milli həmrəyliyi, dini dözümlülüyü və mənəvi dəyərləri qorumaq və inkişaf etdirmək, gənclərin düşüncəsində bu dəyərlərin möhkəmlənməsinə töhfə verməkdir.
Elm və mənəviyyat yenidənqurmanın iki əsas sütunudur: elm gələcəyin yolunu göstərir, mənəviyyat isə bu yolda inamla və düzgün addımlamağa kömək edir", - deyə komitə sədri bildirib.
AZƏRTAC