Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov: “Dünyəvilik Azərbaycan xalqının seçdiyi inkişaf yoludur”
Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov: “Dünyəvilik Azərbaycan xalqının seçdiyi inkişaf yoludur və bu prinsip Konstitusiyamızda təsbit olunub. Dünyəviliyə qarşı çıxışlar dövlətimizə və cəmiyyətimizə yönəlmiş ideoloji təhdidlərdən biridir”.
Bu fikirləri DQİDK-nın sədr müavini Gündüz İsmayılov Lerikdə “Müasir dövrdə dini təhlükəsizlik və ideoloji təhdidlər” mövzusunda keçirilən regional konfransda jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, dini təhlükəsizliyin təmin olunması üçün dünyəvilik prinsiplərinin qorunması, vicdan azadlığının təmin edilməsi və dinin siyasiləşdirilməsinin qarşısının alınması mühüm əhəmiyyət daşıyır. Məzhəbçilik meylləri və dini institutların siyasi məqsədlər üçün istifadəsi cəmiyyət üçün risk yaradır, buna görə də milli-mənəvi dəyərlərin və tolerantlıq ənənələrinin qorunması prioritet məsələlərdən biridir.
“Milli-mənəvi dəyərlərimiz və azərbaycançılıq ideologiyası dini təhlükəsizliyin əsas dayaqlarındandır. Bu dəyərlərin qorunması dövlət və cəmiyyət qarşısında duran mühüm vəzifədir.”, – deyə sədr müavini əlavə edib.