Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
15.12.2016 / Açıqlama

Dövlət Komitəsi sədrinin birinci müavini: "Azərbaycanda yaşayan xalqlar arasında həmişə qarşılıqlı anlaşma olub"

"Azərbaycan tarixən Avropa və Asiya arasında körpü rolunu oynayıb".
"Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı Azərbaycan Diplomatik Akademiyasında "Dinlərarası tolerantlıq və medianın rolu" mövzusunda keçirilən konfransda deyib.
"Ticari və siyasi münasibətlər çərçivəsində müxtəlif millətlərin nümayəndələri Azərbaycana gəlib. Azərbaycan da digər millətlərdən ən yaxşı keyfiyyətləri öyrənib və öz keyfiyyətlərini onlara verib", - deyə S.Salahlı bildirib.
Onun sözlərinə görə, bunun sayəsində Azərbaycan xalqı sevgi, dostluq, hörmət kimi keyfiyyətləri inkişaf etdirməyi bacarıb.
"Bütün bunlar "Quran"dan qaynaqlanır və bu, Azərbaycan xalqının mentalitetindədir. Azərbaycanda yaşayan xalqlar arasında həmişə qarşılıqlı anlaşma olub. Azərbaycan xalqı heç vaxt onunla birgə yaşayan xalqlara qarşı aqressiv və ya mənfi düşüncəli olmayıb", - o vurğulayıb.
O, Azərbaycanda yaşayan digər millətlərin və dini və etnik qrupların nümayəndələrinin ölkədə dinc, sərbəst və maneəsiz şəkildə öz ənənələrini saxladıqlarını və icra etdiklərini əlavə edib.