Amil Cavadov: "Müasir Azərbaycan gənci milli-mənəvi dəyərlərinə və adət-ənənələrinə bağlıdır"
“Azərbaycanda dövlət gənclər siyasətinin ana xəttini gənclərimizin vətənpərvərlik, Azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında xalqımızın şanlı tarixinə, adət-ənənələrinə və mədəni irsinə hörmət ruhunda tərbiyəsi təşkil edir".
Bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin köməkçisi Amil Cavadov Salamposts-a açıqlamasında deyib.
A.Cavadov bildirib ki, bu siyasətin formalaşması Ulu Öndərimiz Heydər Əliyevin adı ilə bağlıdır: "Əsası Ulu Öndərimiz tərəfindən qoyulmuş dövlət gənclər siyasəti bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Uğurlu siyasət Azərbaycan gəncliyinin inkişafına təkan verməklə onların ölkəmizin ictimai-siyasi, sosial-mədəni və digər sahələrdə fəallığını daha da artırır. Ölkəmizdə gənclər siyasəti ilə əlaqədar qəbul edilmiş Dövlət Proqramları Azərbaycan gəncliyinin malik olduğu yüksək potensialın üzə çıxarılması, onların intellektual, yaradıcı və idarəçilik qabiliyyətlərinin önə çəkilməsi, müasir cəmiyyətimizdə fəallıqlarının artırılması və gənclərin hərtərəfli inkişafının stimullaşdırılması baxımından çox böyük əhəmiyyətə malikdir".
Amil Cavadov qeyd edib ki, bu gün gənclərin öz potensialını gerçəkləşdirməsi və peşəkar kadr kimi yetişdirilməsi üçün bütün imkanlar yaradılıb: "Son illərdə Azərbaycanda açılan yeni iş yerlərinə də daha çox gənclər cəlb olunub. İstər dövlət idarəçiliyində, istərsə də özəl sektorda gənclərin xidmətlərindən, potensialından geniş istifadə olunur.
Əminliklə demək olar ki, müasir Azərbaycan gənci milli-mənəvi dəyərlərinə və adət-ənənələrinə bağlıdır. Bildiyiniz kimi, Prezident İlham Əliyev tərəfindən 2016-cı il ölkəmizdə “Multikulturalizm ili” elan edilib. Azərbaycanın sahib olduğu tolerant dəyərlərin, həmçinin multikulturalizmin elmi əsaslarla öyrənilməsi və dünyada təbliği istiqamətində göstərilən konkret hədəflərə çatmaq üçün hər bir vətəndaşımızın, o cümlədən gənclərimizin üzərinə şərəfli vəzifə düşür.
Ölkəmizdə bu istiqamətdə görülən işlər içərisində üzvü olduğum Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Belə ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Yeni Azərbaycan Partiyası Gənclər Birliyi “Multikulturalizm ili” çərçivəsində paytaxtda və bölgələrimizdə gənclərin iştirakı ilə birlikdə çoxsaylı maarifləndirmə tədbirləri keçirib. Tədbirlərdə dövlətin multikulturalizm və tolerantlıq siyasətinin həyata keçirilməsində, milli-mənəvi dəyərlərimizin qorunmasında və təşviqində, tolerantlıq ənənələrinin möhkəmləndirilməsində gənclərin fəal mövqeyinin çox böyük əhəmiyyəti olduğu xüsusilə qeyd olunub. Bu sahədə fəaliyyətimiz gələcəkdə də davam etdiriləcəkdir".