Bölgələrdə “Yaşıl gələcək naminə” adlı yaşıllaşdırma aksiyası davam etdirilir
Prezident İlham Əliyev tərəfindən ölkəmizdə elan olunan “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Yaşıl gələcək naminə” adlı yaşıllaşdırma aksiyası davam etdirilir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Göyçay bölgəsi üzrə şöbəsi tərəfindən Göyçay, Kürdəmir, Ucar və Zərdab rayonlarında keçirilən aksiyada Komitə əməkdaşları, din xadimləri, dini icmaların nümayəndələri iştirak ediblər.
Aksiya çərçivəsində adıçəkilən rayonlardakı dini ibadət evlərinin ətrafında, o cümlədən ictimai yerlərdə abadlıq və yaşıllaşdırma işləri aparılıb, ağac və gül kolları əkilib.
Qeyd edək ki, müxtəlif konfessiyalara mənsub dini icmaların üzvlərini ümummilli məsələ ətrafında birləşdirmək, ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların artırılmasına yönəltmək məqsədi daşıyan aksiya müxtəlif bölgələri əhatə etməklə cari ilin payız aylarına qədər davam edəcək.







