Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
11.08.2016 / Multikulturalizm ili

Quba rayonunda “Multikulturalizm, tolerantlıq və dini radikalizmlə mübarizə yolları” mövzusunda tədbir keçirilib

Avqustun 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Quba rayonunun Zərdabi qəsəbəsində “Multikulturalizm, tolerantlıq və dini radikalizmlə mübarizə yolları”  mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Quba Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov, Quba RİH başçısının Zərdabi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Yalçın Tapdıqov, Quba Rayon Polis Şöbəsinin Zərdabi İƏD üzrə sahə müvəkkili Şahin Ağamalıyev və  ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev müstəqillik dövründən əvvəl ölkəmizdə mövcud olan dini durumla bağlı məlumat verərək bildirib ki, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azərbaycanda mövcud olan bütün dinlərə münasibət kökündən dəyişərək tam başqa bir məcrada inkişaf etməyə başlayıb. İstənilən ənənəvi din daşıyıcısı sərbəst şəkildə məsciddə, sinaqoqda, kilsədə ibadət edə bilir. Prezident İlham Əliyevin Sərəncamı ilə dini icmalara dövlət maliyyə yardımı ayırır. Eynulla Nurullayev qeyd edib ki, bütün bunlar Azərbaycanda multikulturalizmin inkişafına şərait yaratmaqla yanaşı dünyanın bir çox aparıcı dövlətlərinin də diqqətini özünə çəkmiş olur. 
Quba RİH-nin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov Azərbaycanda mövcud olan multikultural mühitdən, müxtəlif xalqların və etnosların sülh və bərabərlik şəraitində yaşamasından danışaraq Quba rayonunun da bu cəhətdən zəngin olduğunu və 20-dən çox xalqın nümayəndəsinin burada yaşadığını bildirib.
Tədbirdə çıxış edən digər natiqlər də milli-mənəvi dəyərlərimizin zənginliyini qeyd ediblər.
Sonda tədbir iştirakçılarına DQİDK-nın dəstəyi ilə çap edilən kitablar hədiyyə edilib.