Yardımlıda “Konstitusiyanın aliliyi və onun hüquqi qüvvəsi” mövzusunda tədbir keçirilib
Fevralın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı regional bölməsi, Lənkəran-Astara Regional Təhsil İdarəsi, Ombudsmanın Cənub Regional Mərkəzi və Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Yardımlı şəhəri V. Nəciyev adına 4 saylı tam orta məktəbində “Konstitusiyanın aliliyi və onun hüquqi qüvvəsi” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin Masallı regional bölməsinin müdiri Elvin Hüseynli, bölmənin əməkdaşı Pərvin İmanov, Ombudsmanın Cənub Regional Mərkəzinin direktoru Ziya İsmayılov, Regional Gənclər və İdman İdarəsinin sektor müdiri Şəhriyar Şabiyev, müəllimlər və şagirdlərlər iştirak ediblər.
Çıxışlarda bildirilib ki, müasir demokratik hüquqi dövlətdə konstitusiyanın rolu olduqca böyükdür. Burada vətəndaşların hüquq və azadlıqları ali dəyər, onların müdafiəsi isə dövlətin ali məqsədi kimi müəyyən olunur. Qeyd olunub ki, Konstitusiyanın normaları birbaşa hüquqi qüvvəyə malikdir. Bu, özlüyündə hər hansı bir hüquqi aktın, yəni Konstitusiyanın normalarını konkretləşdirən qanunun və ya digər normativ aktın mövcudluğundan asılı olmayaraq bütün subyektlər tərəfindən həyata keçirilə bilməsini ifadə edir.
Sonda iştirakçıların sualları cavablandırılıb.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq keçirilib.


