Şəkidə “Konstitusiyada din azadlığı” mövzusunda maarifləndirici tədbir keçirilib
Iyulun 23-də Şəki şəhəri mərkəzi “Cümə” məscidi nəzdində fəaliyyət göstərən Qız Quran kursunda “Konstitusiyada din azadlığı” mövzusunda maarifləndirici tədbir təşkil olunub.
Tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şəki regional bölməsinin təşəbbüsü ilə keçirilib. Tədbirdə Dövlət Komitəsinin Şəki regional bölməsinin məsləhətçisi Minarə Məmmədhüseynova, kursun müəllimləri və tələbələri iştirak ediblər.
Çıxışlarda Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş dini etiqad azadlığı hüququ, dövlət-din münasibətləri və dünyəvilik prinsipi barədə ətraflı məlumat verilib. Bildirilib ki, Konstitusiyaya əsasən, hər kəsin vicdan azadlığı, istədiyi dinə etiqad etmək və ya heç bir dinə etiqad etməmək hüququ vardır.
Sonda iştirakçıların sualları cavablandırılıb və bu kimi görüşlərin mütəmadi keçirilməsinin əhəmiyyəti vurğulanıb.