Lənkəranda “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirilib
Aprelin 29-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Lənkəran Regional Elmi Mərkəzi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran regional bölməsi və İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cənub Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirilib.
Tədbirdə Mərkəzin direktoru Mehman Əliyev, DQİDK-nın Lənkəran regional bölməsinin müdiri Qağayı Məmmədov, İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov və Mərkəzin əməkdaşları iştirak ediblər.
Çıxışlar zamanı Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edildiyi bildirilib. Sərəncamda qeyd edildiyi kimi, bu il Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən Müharibəsində qələbəmizin 5-ci ildönümüdür. Bu qərarın müstəqil Azərbaycanın gücünü və inkişafını nümayiş etdirməklə yanaşı, xalqımızın birliyinin və həmrəyliyinin ifadəsi olduğu diqqətə çatdırılıb.

