Beyləqanda “Konstitusiyanın aliliyi və onun hüquqi qüvvəsi” mövzusunda tədbir keçirilib
Oktyabrın 6-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Mil-Muğan regional bölməsi, Beyləqan Rayon İcra Hakimiyyəti və Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə “Konstitusiyanın aliliyi və onun hüquqi qüvvəsi” mövzusunda tədbir keçirilib.
Beyləqan rayonu Dünyamalılar kənd Ə. Şirinov adına 1 saylı tam orta məktəbdə baş tutan tədbirə DQİDK-nın Mil-Muğan regional bölməsinin əməkdaşı Elvin İbrahimov, ictimaiyyət nümayəndələri, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlarda Konstitusiyanın hüquqi sistemdəki üstün mövqeyi və onun dövlətin əsas qanunu kimi əhəmiyyəti qeyd olunub. Bildirilib ki, Konstitusiya hər bir vətəndaşın hüquq və azadlıqlarının təminatçısıdır. Gənclərə qanunvericilik sistemini öyrənməyin, hüquqi biliklərin artırılmasının vacibliyi aşılanıb. Qeyd olunub ki, hüquqi dövlət quruculuğu və ictimai sabitlik Konstitusiyanın aliliyinin qorunması ilə sıx bağlıdır. Məktəblilərə hüquq və vətəndaşlıq mövzusunda maarifləndirici məlumatlar verilib.
Tədbirin sonunda iştirakçılarla qarşılıqlı fikir mübadiləsi aparılıb və onların sualları cavablandırılıb.

