Zərdabda “İslam həmrəyliyinin etnokonfliktlərin həllində rolu” müzakirə olunub
Dekabrın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Zərdab rayonu Xanməmmədli kənd məscidi dini icması tərəfindən “İslam həmrəyliyi-müsəlman dünyasının xilası” layihəsi çərçivəsində “Etnokonfliktlərin həlli yolu kimi - İslamda həmrəylik” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin baş məsləhətçisi Vüqar Hümmətov, Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev və şöbənin əməkdaşı Sədi Hüseynov, dini icmanın sədri Səmid Cavadov, dini icma üzvləri, dindarlar, kənd ictimaiyyətinin nümayəndələri, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev qeyd edib ki, İslam həmrəyliyi müasir dünyamızda mühüm məsələlərdən biridir. İslam həmrəyliyinə mədəni və dini müxtəlifliyin harmoniyası prizmasından yanaşmaq məsələnin aktuallığını daha da artırır. Bu yanaşma İslam daxilindəki anlaşılmazlıqların, eləcə də dinlərarası ziddiyyətlərin aradan qaldırılmasına öz töhfəsini verə bilər.
Mövzu ilə bağlı çıxış edən DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin baş məsləhətçisi Vüqar Hümmətov qeyd edib ki, Azərbaycan multukultural dəyərləri ilə bütün dünyaya örnək olmaqla yanaşı, İslam həmrəyliyi baxımından da İslam dünyasına nümunədir. İslam dünyasında həmrəyliyə zərbə vuran meyillərin mövcudluğu, təəssüf ki, reallıqdır. Tarix boyunca ölkəmizdə müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri yaşasa da, onların arasında heç vaxt mənfi hallar baş verməyib. V.Hümmətov bu gün də Azərbaycanda müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin qardaşlıq şəraitində yaşadığını diqqətə çatdırıb.
Daha sonra “Etnokonfliktlərin həlli yolu kimi - İslamda həmrəylik” mövzusunda Xanməmmədli kənd məscidi dini icmasının sədri Səmid Cavadov, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Sədi Hüseynov və digər natiqlər Prezident İlham Əliyevin ölkəmizdə multukultural dəyərlər, həmrəylik, dinlər və mədəniyyətlərarası dialoqla bağlı dövlət siyasətini qəti olaraq dəstəklədiklərini bildiriblər.
Sonda mövzu ilə bağlı diskussiya təşkil olunub və dinləyiciləri maraqlandıran suallar cavablandırılıb. İştirakçılara layihə çərçivəsində nəşr olunan dini ədəbiyyatlar paylanılıb.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən keçirilib.