Yardımlıda “İslam həmrəyliyi və müasir gəncliyimiz” mövzusunda seminar-treninq keçirilib
Oktyabrın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsinin, Yardımlı Rayon Gənclər və İdman İdarəsi və Yardımlı Rayon Təhsil Şöbəsinin (RTŞ) birgə təşkilatçılığı ilə Yardımlı şəhəri Vəli Məmmədov adına 2 saylı tam orta məktəbində “İslam Həmrəyliyi İli” çərçivəsində “İslam həmrəyliyi və müasir gəncliyimiz” mövzusunda seminar-treninq keçirilib.
Tədbirdə DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Hüseynli, Yardımlı Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Şəhriyar Şəbiyev, Yardımlı şəhəri Vəli Məmmədov adına 2 saylı tam orta məktəbin direktor müavini Mehman Bababev və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Elvin Hüseynli mövzu ilə bağlı çıxış edərək “İslam Həmrəyliyi İli” çərçivəsində təşkil olunan tədbirlərin və bu istiqamətdə mütəmadi görüşlərin əhəmiyyətini qeyd edib. O, İslam dininin həmrəylik, dostluq və qardaşlıq dini kimi tolerant dəyərlərin daşıyıcısı olduğunu bildirib.
Yardımlı Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Şəhriyar Şəbiyev mövzu ilə bağlı çıxış edərək qloballaşma dövründə, sivilizasiyalararası münasibətlərin yeni mərhələsində dini radikalizmin meydana gəlməsinin səbəbləri, eləcə də radikal dini cərəyanlarla mübarizə çərçivəsində aparılan profilaktik və preventiv tədbirlər barədə iştirakçıları məlumatlandırıb.
Daha sonra çıxış edən məktəb müəllimi Vüqar Tahirov İslam həmrəyliyinin əhəmiyyətindən danışaraq qeyd edib ki, son illərdə Azərbaycan müsəlman ölkələri arasında həmrəylik yaradılmasında fəal iştirakçılardan biridir.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.