Ucarda “İslam həmrəyliyi və milli-mənəvi dəyərlər” mövzusunda maarifləndirici tədbir keçirilib
Oktyabrın 26-da Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə “İslam həmrəyliyi və milli - mənəvi dəyərlər” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Bilik Fondunun Ucar rayonu üzrə nümayəndəsi, şəhər 5 saylı tam orta məktəbin direktoru Hakim Nəcəfov, DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev və şöbənin əməkdaşı Rauf Nəsirov, məktəbin müəllimləri, Bilik Fondunun könüllüləri və yuxarı sinif şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Bilik Fondunun Ucar rayonu üzrə nümayəndəsi, şəhər 5 saylı tam orta məktəbin direktoru Hakim Nəcəfov bildirib ki, Azərbaycan Prezidentinin Sərəncamı ilə elan edilən “İslam Həmrəyliyi İli” bütün dünya dinlərinin nümayəndələrini həmrəyliyə, qarşılıqlı anlaşmaya və dialoqa çağırır. Natiq qeyd edib ki, bu tədbirlərdə həm müəllim kollektivi, həm də şagirdlər milli-mənəvi dəyərlər haqqında tam şəkildə biliklər əldə edirlər.
DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev mövzu ilə bağlı çıxışında tarixin bütün dövrlərində dünyanı inkişafa aparan əsas amillərdən birinin məhz bərabərlik və həmrəylik olduğunu vurğulayıb. Dini radikalizm və ekstremizmin fəsadlarından da söz açan natiq İslam dininin ekstremizmə, radikalizmə qarşı bir mənəvi dəyərlər sistemi olduğunu söyləyib.
Daha sonra DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirovun “Milli-mənəvi dəyərlərin qorunmasında Heydər Əliyevin rolu” və Ucar şəhər 5 saylı tam orta məktəbin şagirdi, məktəb kiçik akademiyasının sədri Zeynəb Musayevanın “Heydər Əliyev Azərbaycanda İslam həmrəyliyi ideyasının banisidir” mövzusundakı çıxışları dinlənilib.
Tədbirin yekununda şagird və müəllim kollektivinin sualları cavablandırılıb.