“Sülh aylığı” çərçivəsində “İslam həmrəyliyi sülhə çağırışdır” mövzusunda tədbir keçirilib
Avqustun 29-da Saatlı rayon Varxankənd “Cümə” məscidi dini icmasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə “Sülh aylığı” çərçivəsində “İslam həmrəyliyi sülhə çağırışdır” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, Saatlı rayon Varxankənd məscidi dini icmasının sədri Yadigar Aslanov və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri C.Bəhrəmov açaraq 1981-ci il noyabrın 30-da BMT-nin qərarı ilə 21 sentyabr “Beynəlxalq Sülh Günü” elan edildiyi barədə geniş məlumat verib. O qeyd edib ki, sülh carçısı olan Azərbaycanda da 21 sentyabr geniş qeyd olunur. Tədbirin “Beynəlxalq Sülh Günü” ilə əlaqədar 21 avqust-21 sentyabr tarixlərində elan olunan “Sülh aylığı” çərçivəsində keçirildiyini diqqətə çatdıran natiq bildirib ki, bu tədbirlərin keçirilməsində əsas məqsəd Azərbaycanın sülhsevər ölkə olduğunu və ölkəmizdə insan hüquq və azadlıqlarının müdafiəsinə böyük önəm verildiyini göstərməkdir.
Saatlı rayon Varxankənd məscidi dini icmasının sədri Yadigar Aslanov çıxışında bildirib ki, ölkəmizdə sülh və əmin-amanlığın yaradılmasının əsasını Ulu Öndər Heydər Əliyev qoyub. Hazırda isə onun sülhpərvər siyasətini Prezident cənab İlham Əliyev uğurla davam etdirərək həm ölkəmizdə sülh və sabitliyin qorunmasına, həm də dövlətimizin xarici ölkələrlə dostluq və qardaşlıq əlaqələri qurmasına çalışır.
Daha sonra çıxış edən dindarlar İslamın sülh və vəhdət dini olduğunu, müqəddəs kitabımızın dünyanı barışığa çağırdığını, Azərbaycan xalqının tarixən sülhsevər xalq olduğunu və İslam dəyərlərinə hər zaman vəhdət və sülh çərçivəsində yanaşdığını vurğulayıblar.