SOCAR-da “İslam Həmrəyliyi İli” ilə əlaqədar görüş keçirilib
Aprelin 11-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı SOCAR-da olub, şirkətin rəhbər heyəti və əməkdaşları ilə görüşüb.
Tədbiri giriş sözü ilə açan SOCAR prezidenti Rövnəq Abdullayev Azərbaycan xalqının qədim zamanlardan dini tolerantlıq ənənələrinə malik olduğunu bildirib, qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin müdrik və uzaqgörən dövlətçilik siyasətinin nəticəsi olaraq ölkəmiz dünya miqyasında millətlərarası və dinlərarası dözümlülük, tolerantlıq nümunəsinə çevrilib. Bu gün Azərbaycanda bütün etnokonfessional birliklərin fəaliyyəti üçün əlverişli şərait yaradıldığını vurğulayan Rövnəq Abdullayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi altında ölkəmizdə bu sahədə həyata keçirilən genişmiqyaslı tədbirlərdən söz açıb, dini tolerantlığın müasir Azərbaycanın ictimai həyatında böyük əhəmiyyət daşıdığını, mühüm dəyərlərdən olduğunu söyləyib. Azərbaycan iqtisadiyyatının lokomotivi olan SOCAR-ın dini tolerantlığın qorunmasına verdiyi töhfələrdən bəhs edən Rövnəq Abdulllayev şirkətin fəaliyyət göstərdiyi xarici ölkələrdə də bu konsepsiyanın təbliğ olunması üçün həyata keçirdiyi tədbirləri diqqətə çatdırıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı tədbirdə çıxış edərək ölkəmizdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətləri modelinin dünya üçün nümunəvi xarakter daşıdığını bildirib. Mübariz Qurbanlı 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməklə bu addımın milli-mənəvi dəyərlərimizə verilən ən yüksək qiymət olduğunu diqqətə çatdırıb. Komitə sədri Azərbaycanda olan tolerant və multikultural mühitdən bəhs edərkən, bunun dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edib.
Daha sonra çıxış edən DQİDK-nın sədr müavini Səyavuş Heydərov ölkəmizdə dini tolerantlığın qorunmasının zərurətini vurğulayaraq xaricdən təsir göstərən radikal təriqətlərin bəzən din qiyafəsində çıxış etdiyini, belə qüvvələrlə mübarizədə İslam həmrəyliyinin böyük rol oynadığını söyləyib. Azərbaycanın bir İslam ölkəsi kimi tolerantlıq prinsipinə daim sadiq qaldığını diqqətə çatdıran S.Heydərov gənclər arasında milli-mənəvi dəyərlərin, o cümlədən, dini tolerantlığın təbliği üçün Komitə tərəfindən görülən işlərdən ətraflı bəhs edib.

