Şamaxıda "İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri" mövzusunda seminar-müşavirə keçirilib
Oktyabrın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Şamaxıda "İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri" mövzusunda seminar-müşavirə keçirilib.
Tədbirdə DQİDK sədrinin birinci müavini Səyyad Salahlı, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnisə Ələkbərova, DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abbasov, QMİ-nin səlahiyyətli nümayəndəsi Mərəhmət Mustafayev, rayon Ağsaqqallar şurasının sədri Mayıl Alcanov, dini icma sədrləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnisə Ələkbərova tədbiri giriş sözü ilə açaraq maarifləndirici tədbirlərin cəmiyyət arasında müsbət təsirlərindən danışıb. O qeyd edib ki, dini icmaların bu sahədə fəaliyyətlərini daha da gücləndirməsi bu gün aktual problem olan radikalizm meyillərinin qarşısını ala bilər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı çıxışında İslam dininin milli-mənəvi tariximizdəki yerindən, dövlət-din münasibətlərinin tənzimlənməsində dini icmaların üzərinə düşən vəzifələrdən danışıb. S.Salahlı ölkəmizin seçdiyi strateji xəttin özünü doğrultduğunu qeyd edərək ölkəmizdə yaranmış tolerant dini mühitin dünyaya bir nümunə olduğunu bildirib. O qeyd edib ki, məhz bu tolerantlığın, dinə dövlət qayğısının nəticəsidir ki, bu gün ölkəmizdə ənənəvi dindarlığın mövqeləri gündən-günə güclənir.
QMİ-nin səlahiyyətli nümayəndəsi M.Mustafayev dövlət qayğısı sayəsində ölkədə əmin-amanlığın, sabitliyin olmasından, İslam həmrəyliyinin təbliğində dini icmaların yaxından iştirak etməsindən bəhs edib.
Tədbirin sonunda mövzu ətrafında fikir mübadiləsi aparılıb.