Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
01.12.2017 / İslam Həmrəyliyi İli

Şamaxıda “İslam həmrəyliyi gənclərin gözü ilə” adlı tədbir keçirilib

Dekabrın 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şamaxı bölgəsi üzrə şöbəsinin, Şamaxı rayon Təhsil şöbəsinin və Şamaxı rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə rayonun Sabir qəsəbə tam orta məktəbində “İslam həmrəyliyi gənclərin gözü ilə” adlı tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, Şamaxı rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Famil Tağıyev, Sabir qəsəbə tam orta məktəbinin direktoru Gülnur Babaşova, eləcə də məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Gülnur Babaşova ölkəmizin tolerant dəyərlərə verdiyi töhfələrə görə dünyada nümunə kimi qəbul olunmasını diqqətə çatdırıb.
Daha sonra çıxış edən DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli bu ilin “İslam Həmrəyliyi İli” elan edilməsinin mahiyyətindən danışaraq bu səpkidə həyata keçirilən maarifləndirmə tədbirlərinin gənclər arasında müsbət nəticələr verdiyini və bunun gələcəkdə də davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.  Azərbaycanın İslam mədəniyyətinə böyük töhfələr verdiyini qeyd edən natiq İslam həmrəyliyinin təkcə müsəlman dünyası üçün deyil, eyni zamanda bütün dünya üçün önəmli olduğunu deyib.
Şamaxı rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Famil Tağıyev milli-mənəvi dəyərlərimizin əhəmiyyəti, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsi barədə məlumat verib.
Sonda DQİDK-nın sifarişi ilə çəkilmiş “Şəhadət” sənədli filmi nümayiş etdirilib.