Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
21.10.2017 / İslam Həmrəyliyi İli

Salyanda “İslamda həmrəy dəyərlər” layihəsi çərçivəsində tədbir keçirilib

Oktyabrın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Salyan rayonu Qarabağlı kənd “İmam Hüseyn” məscidi dini icması tərəfindən “İslamda həmrəy dəyərlər” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov, Təhlil və proqnozlaşdırma şöbəsinin əməkdaşı Rövşən Nəzərov, Qarabağlı kənd “İmam Hüseyn” məscidi dini icmasının sədri Səməndər Xankişiyev, dindarlar, ziyalılar və gənclər iştirak ediblər.
Dini icma sədri Səməndər Xankişiyev bildirib ki, Azərbaycan regionda iqtisadi gücü ilə fərqləndiyi kimi, dövlət-din münasibətlərinin təkmilləşdirilməsi və inkişafında da ciddi uğurlara imza atıb. Ölkəmizin din sahəsindəki hazırkı durumu sabit qiymətləndirilir. Dövlət və dini icmalar arasında münasibətlər yüksək səviyyədə qurulub, qarşılıqlı əlaqələr qanun çərçivəsində inkişaf etdirilir, maarifləndirmə işi geniş miqyasda aparılır, müxtəlif dini konfessiyalar arasında tolerantlıq münasibətləri davam etdirilir.
Daha sonra çıxış edən DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin əməkdaşı Rövşən Nəzərov bildirib ki, Ulu Öndərin ölkə rəhbərliyinə qayıdışı dini dəyərlərə münasibətdə, dövlət-din münasibətlərində yeni mərhələnin başlanğıcı oldu. Din sahəsinə qayğı, dini abidələrin bərpası, milli-mənəvi dəyərlərin qorunması və təbliği dövlətin din siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Ölkədə etiqad azadlığı üçün şərait yaradıldı, dini dəyərlərə, ibadət yerlərinə və dindarlara xüsusi qayğı göstərilməyə başlanıldı. Əsas məqsəd isə dövlətlə din arasında qarşılıqlı anlaşma və əməkdaşlığı gücləndirməkdir.
Tədbirin yekununda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.