Salyanda “İslamda həmrəy dəyərlər” layihəsi çərçivəsində tədbir keçirilib
Oktyabrın 13-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Salyan rayonu Qarabağlı kənd “İmam Hüseyn” məscidi dini icması tərəfindən “İslamda həmrəy dəyərlər” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov, Salyan Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Aqşin Babayev, Qarabağlı kənd “İmam Hüseyn” məscidi dini icmasının sədri Səməndər Xankişiyev, dindarlar, ziyalılar və gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov çıxışında ölkəmizdə müxtəlif dinlərə və məzhəblərə mənsub insanların bərabər, mehriban və həmrəylik şəraitində yaşadığını qeyd edib. O, həmçinin vurğulayıb ki, bu gün ölkəmizdə hökm sürən ictimai-siyasi sabitlik, milli-mənəvi həmrəylik və dini tolerantlıq əsası Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan siyasətin məntiqi nəticəsidir. Natiq onu da vurğulayıb ki, Azərbaycanın dövlət-din münasibətlərində uğurlarının səbəbi dövlətin düzgün din siyasətidir.
Daha sonra Salyan RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Aqşin Babayev bu tədbirlərin gənclərimizə vətənpərvərlik hisslərini aşıladığını nəzərə çatdırıb. Eyni zamanda o, Azərbaycanda İslam dini icmalarına olduğu kimi qeyri-İslam dini icmalarına da yüksək dövlət qayğısından söhbət açıb. A.Babayev bildirib ki, Azərbaycanda bütün dinlər qanun qarşısında bərabərdir və onlardan birinə digərinə nisbətdə hər hansı bir məhdudiyyət və ya imtiyazlar verilə bilməz. Bu da dövlətimizin multikultural ənənələrə verdiyi önəmdən irəli gəlir.
Salyan rayonu Qarabağlı kənd “İmam Hüseyn” məscidi dini icmasının sədri Səməndər Xankişiyev dövlətin dinə və din xadimlərinə göstərdiyi qayğıdan bəhs edib, müqəddəs Qurani-Kərimdən nümunələr gətirməklə İslamın tolerantlığa və həmrəyliyə verdiyi əhəmiyyətindən danışıb.
Tədbirin yekununda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.