Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
13.04.2017 / İslam Həmrəyliyi İli

Sabunçu rayonunda “İslam Həmrəyliyi İli” çərçivəsində növbəti tədbir təşkil olunub

Aprelin 13-də Azərbaycan Respublikası Prezidentinin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması barədə Sərəncamından irəli gələn vəzifələrin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət  Komitəsinin birgə  əmri ilə təsdiq  edilmiş “Təhsil müəssisələrində uşaq  və gənclərin mənəvi inkişafi, milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda  tərbiyə olunması tədbirlərinin gücləndirilməsi haqqında” Fəaliyyət Planına uyğun olaraq,Sabunçu rayonu Nazim İsmayılov adına 80 nömrəli tam orta məktəbdə “İslam Həmrəyliyi İli” çərçivəsində növbəti tədbir keçirilib.
“İslam-sülh, barışıq və həmrəylik dinidir” mövzusunda keçirilən tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Pərvin Əlizadə və Aslan Sultanov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ədalət Teymurov, məktəbin direktoru Əlislam Abasquliyev, müəllim, şagird və valideynlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan 80 nömrəli tam orta məktəbin direktoru Əlislam Abasquliyev dini maarifləndirmə sahəsində görülən tədbirlərin və şagirdlərlə bu istiqamətdə mütəmadi görüşlərin əhəmiyyətini qeyd edib.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Aslan Sultanov Azərbaycanın tarix boyu digər xalqlara və millətlərə hörmətlə yanaşan, müxtəlif milli-mənəvi dəyərlərin rahat bir şəkildə yaşandığı bir ölkə olduğunu, qarşılıqlı hörmət və tolerantlığı öz həyat tərzimizə çevirdiyimizi qeyd edib.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ədalət Teymurov dini radikalizm, dini ekstremizm və onun fəsadları haqqında ətraflı məlumat verib. Gənclər arasında milli-mənəvi dəyərlərin təbliğinin əhəmiyyətinə toxunan məruzəçi hər bir gəncin vətənpərvərlik ruhunda yetişməsinin vacibliyini vurğulayıb.
Daha sonra Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Fitnə” sənədli filmi nümayiş edilib. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar ətrafında müzakirə aparılıb.