Sabirabadda “İslam həmrəyliyi - dini vəhdətə çağırış” layihəsi uğurla icra olunur
Avqustun 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Sabirabad rayon Bulaqlı kənd məscidi dini icması tərəfindən “İslam həmrəyliyi - dini vəhdətə çağırış” layihəsi çərçivəsində “İslam həmrəyliyi dini radikalzimə qarşı mübarizə vasitəsi kimi ” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, Bulaqlı kənd məscidi dini icmasının sədri Rufat Utarov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan icma sədri Rufat Utarov çıxışında layihə haqqında tədbir iştirakçılarına məlumat verərək, İslam həmrəyliyinin dini radikalizmə və ekstremizmə qarşı mübarizədə əhəmiyyətini vurğulayıb. O, bərabərlik və həmrəylik ideyaları ilə zəngin olan İslam dininin həmişə insanları sülhə, birliyə və vəhdətə çağırdığını diqqətə çatdırıb.
DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov "Dini radikalizm və ekstremizmə qarşı mübarizə" mövzusunda geniş məruzə ilə çıxış edib. Bildirib ki, dini radikalizm dünya üçün böyük təhlükəyə çevrilsə də, ölkəmizdə dini radikalizmlə mübarizə istiqamətində aparılan genişmiqyaslı maarifləndirmə işləri öz müsbət nəticələrini verməkdədir.
Daha sonra çıxış edən kənd sakini Kamil Əliyev dövlət-din münasibətlərinin yüksək səviyyədə təşkil edildiyini bildirərək, din xadimlərinin maarifləndirmə işində aktiv iştirakının vacib olduğunu qeyd edib.
Tədbirin yekununda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, layihə çərçivəsində nəşr olunan dini ədəbiyyatlar paylanılıb.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün imzaladığı Sərəncama əsasən keçirilib.