Saatlıda “İslam həmrəyliyi milli-mənəvi dəyərlərimizin tərkib hissəsi kimi” mövzusunda tədbir təşkil olunub
Oktyabrın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Saatlı rayonu Qarayevkənd kənd məscidi dini icması tərəfindən “İslamda həmrəyliyin və tolerantlığın əhəmiyyəti” layihəsi çərçivəsində “İslam həmrəyliyi milli-mənəvi dəyərlərimizin tərkib hissəsi kimi” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, şöbənin əməkdaşı Elvin İbrahimov, Təhlil və proqnozlaşdırma şöbəsinin müdir müavini Aqşin Axundov, Saatlı rayonu Qarayevkənd kənd məscidi dini icmasının sədri İsmayıl Calalov, Qarayevkənd kənd tam orta məktəbinin direktor müavini Əfqan Cəfərov, məktəbin yuxarı sinif şagirdləri, dini icma üzvləri, dindarlar və ağsaqqallar iştirak ediblər.
Dini icma sədri İsmayıl Calalov çıxışında milli, dini dəyərlərimizin təbliği və bu istiqamətdə aparılan maarifləndirmə işlərinə dövlət dəstəyini təqdirəlayiq hal kimi qiymətləndirib. O, həmçinin ölkəmizdə tarixboyu digər xalqlara və millətlərə, onların milli-mənəvi dəyərlərinə hörmətlə yanaşıldığını, Azərbaycanın İslam həmrəyliyinin qorunmasında və inkişafında nümunəvi ölkələrdən biri olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin müdir müavini Aqşin Axundov İslam dininin humanizm, tolerantlıq xüsusiyyətləri aşıladığını, eyni zamanda, insanlara dostluq, qardaşlıq, sülh yolu göstərdiyini diqqətə çatdırıb. O, milli-mənəvi dəyərlərimizin qorunmasının və gələcək nəsillərə çatdırılmasının vacibliyini xüsusi vurğulayıb. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsi dövlətimizin tolerant dəyərlərə yüksək önəm verməsinin əyani sübutudur.
DQİDK-nın İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov əsrlərboyu xalqımızın formalaşmasında, inkişafında böyük təsiri olan milli-mənəvi dəyərlərimizin qorunmasının və gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıb. O, dinin uzun bir tarixi dövr ərzində hər bir cəmiyyətin əxlaqi-mənəvi dəyərlər sisteminin ayrılmaz tərkib hissəsi olduğunu qeyd edib.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və Dövlət Komitəsi tərəfindən nəşr edilən dini maarifləndirici ədəbiyyatlar paylanılıb.