Qubada “İslam Həmrəyliyi İli”nə həsr olunmuş tədbirlər davam edir
Dekabrın 1-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsinin, Quba Rayon İcra Hakimiyyətinin (RİH) və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) birgə təşkilatçılığı ilə Quba şəhəri “Ərdəbil” məscidində “İslam Həmrəyliyi İli”nə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Quba RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov, QMİ-nin Quba bölgəsi üzrə qazısı Naib Səttarov, rayonda fəaliyyət göstərən dini icmaların sədrləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan QMİ-nin Quba bölgəsi üzrə qazısı Naib Səttarov bildirib ki, 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması və il ərzində nəinki Azərbaycanda, beynəlxalq arenada bu ilə aid tədbirlərin təşkil olunması ölkəmizi həmrəyliyə dəstək verən dövlət kimi tanıdıb.
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev qeyd edib ki, dünyada dini zəmində baş verən münaqişələr fonunda Azərbaycan dövləti həmrəylik prinsiplərinin təbliğatçısına və çarçısına çevrilərək dini zəmində olan münaqişələrin sona çatmasına çalışır. Dünya dövlətlərinin bir çoxu birmənalı olaraq Azərbaycan dövlətinin bu sahədə həyata keçirdiyi tədbirləri dəstəkləyir və onunla yanaşı addımlayırlar.
Quba RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Tariyel İbrahimov tədbirdə çıxış edərək bildirib ki, son illər Azərbaycan dövlətinin dini sahədə həyata keçirdiyi çoxsaylı tədbirlər öz effektivliyi və təsirliliyi ilə seçilir. Dindarlara və dini ibadət ocaqlarına dövlət qayğısını xüsusi vurğulayan natiq bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin taşırıq və sərəncamlarına uyğun olaraq son illər ölkədə bu sahədə irimiqyaslı işlər görülüb.
Tədbirin sonunda QMİ tərəfindən Quba rayonunda fəaliyyət göstərən bəzi məscidlərə mütəvəlli vəzifəsinə təyin olunmuş şəxslərə vəsiqələr təqdim olunub, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.