Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
02.03.2017 / İslam Həmrəyliyi İli

Prezident İlham Əliyev: “Azərbaycan müsəlman ölkələri arasında həmrəyliyə xüsusi əhəmiyyət verir”

“Azərbaycan müsəlman ölkələri arasında həmrəyliyə xüsusi əhəmiyyət verir”. Bu fikirləri Prezident İlham Əliyev Pakistanda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının XIII Sammitində çıxışı zamanı bildirib. Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan 2017-ci ili “İslam Həmrəyliyi İli” elan edib və iki aydan sonra Bakı IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. “Bu gün islamofobiya dünyada ən ciddi təhlükələrdən biridir. Biz bu tendensiyanı qəti şəkildə pisləyirik. İslamı terrorla əlaqələndirmək yanlış və qərəzli yanaşmadır.Terrordan ən çox əziyyət çəkən məhz müsəlman dövlətləridir. Biz sülh, mərhəmət, dözümlülük və ədalət dini olan İslamın dəyərlərinin təşviqini davam etdirməliyik”. Biz üzv dövlətlər arasında iqtisadi əməkdaşlığın gücləndirilməsinə xüsusi əhəmiyyət veririk.
Prezident İlham Əliyevin sözlərinə görə, qarşılıqlı ticarət və sərmayələrin artırılması, ixrac imkanlarının genişləndirilməsi və biznes dairələri arasında sıx əməkdaşlığın təşviqi bu məqsədə xidmət edəcək.“Beynəlxalq maliyyə institutlarının cəlb olunması da böyük önəm daşıyır. Bu baxımdan İqtisadi Əməkdaşlıq Təşkilatı Ticarət və İnkişaf Bankının regional əhəmiyyətli layihələrin maliyyələşdirilməsində daha fəal rol oynaması üçün onun bütün ölkələrimiz tərəfindən dəstəklənməsinə ehtiyac var”.