Prezident İlham Əliyev: “2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi sülhə çağırışdır”
“Bu gün dünyanın müxtəlif yerlərində müsəlmanlar məzhəb ayrı-seçkiliyi, ekstremizm, dini radikalizm və terror kimi ciddi problemlərlə qarşılaşır və İslam adı altında gizlənən, dinimizlə heç bir əlaqəsi olmayan qüvvələr tərəfindən həyata keçirilən terror hadisələri müsəlmanlara qarşı ən böyük haqsızlıq, ədalətsizlikdir”. Bu fikirlər Prezident İlham Əliyevin İstanbulda keçirilən “Türkiyə-Azərbaycan timsalında İslam həmrəyliyi” konfransının iştirakçılarına təbrik məktubunda öz əksini tapıb. Dövlət başçısının məktubunda o da vurğulanıb ki, dünyada törədilən terror hadisələri qurbanlarının əksəriyyəti məhz müsəlmanlardır. “İslam dünyasındakı müharibə və münaqişələrə rəvac verən məzhəb ayrı-seçkiliyinin, dini ekstremizm və terrorun, getdikcə güclənən islamofobiyanın, müxtəlif ölkələrdə müsəlmanların qətliamlarının qarşısını almaq, İslam aləminin inkişafına və rifahına nail olmaq üçün İslam həmrəyliyi zamanın çağırışı və tələbidir. Şərqlə Qərbin qovşağında yerləşən qədim Azərbaycanda müxtəlif dinlərin, ayrı-ayrı mədəniyyətlərin nümayəndələri tarix boyu sülh və əmin-amanlıq şəraitində yaşayıblar. 2016-cı ilin ölkəmizdə “Multikulturalizm İli”, 2017-ci ilin isə “İslam Həmrəyliyiİ İli” elan edilməsi bütün dünyada, xüsusilə İslam aləmində sülhə, dostluğa, qarşılıqlı hörmətə, birgəyaşayışa çağırış və töhfədir”.