Mingəçevirdə “İslam Həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda konfrans keçirilib
Noyabrın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Mingəçevir Şəhər İcra Hakimiyyəti ilə birgə “İslam Həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda konfrans keçirib.
Tədbirdə ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, məktəb psixoloqları, müəllimlər, eləcə də şəhər ictimaiyyəti və fəal gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov vurğulayıb ki, bu gün dünyada islamofobiyanın baş alıb getdiyi bir dövrdə Prezident İlham Əliyevin müdrikliklə 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməsi çox əhəmiyyətli və zamanın çağırışlarına cavab verən mühüm addımdır. Müasir dövrdə müstəqil siyasət aparmaq kimi çox çətin bir işin öhdəsindən öz zəngin və uzaqgörən siyasəti ilə gələn dövlət başçımızın İslam dininə, müsəlman dünyasına nə qədər böyük önəm verdiyinin bariz nümunəsidir.
Mövzu ilə bağlı çıxış edən DQİDK-nın Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev bölgədə, xüsusən də Mingəçevir şəhərində mövcud olan dini durum barədə konfrans iştirakçılarına məlumat verib. Şöbə müdiri çıxışında “İslam Həmrəyliyi İli” çərçivəsində bölgədə həyata keçirilmiş tədbirlərin əhəmiyyətindən də bəhs edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov çıxışında ölkəmizdə elan olunan “İslam Həmrəyliyi İli” nin önəminə toxunub. Bildirib ki, dini zəminli münaqişələrin baş verdiyi qlobal dünyada İslam həmrəyliyi anlayışı təkcə müsəlman aləmində deyil, eyni zamanda İslam dini ilə digər dinlər arasında həmrəyliyi nəzərdə tutur və olduqca həssas mətləblərdən xəbər verir. Müasir dövrdə Yaxın və Orta Şərqdə yaşanan neqativ hallara nəzər salsaq, dövlət başçımızın bu qərarının beynəlxalq aləmin diqqətinin mövcud problemlərə yönəltməyə çalışması baxımından çox ciddi addım olduğunu görərik. Ölkəmizin bütün dünyada tolerantlıq, mədəniyyətlərarası dialoq, həmrəylik məkanı kimi tanınması bu mesajın ünvanına doğru şəkildə çatacağına şübhə doğurmur.
Müxtəlif bölgələrdə ardıcıl olaraq dəyirmi masalar və konfranslar keçirildiyini qeyd edən G. İsmayılov vurğulayıb ki, İslam həmrəyliyinin təbliği, fərqli din və məzhəb mənsubları arasında dözümsüzlük hallarına yol verilməməsi, dini icmaların fəaliyyətində tolerantlığın və multikulturalizmin gücləndirilməsi, cəmiyyətdə radikalizm meyillərinin qarşısının alınması və dini icmaların bu işə cəlb olunması baxımından ən effektiv yol bu sahədə maarifləndirmə işinə daha çox yer ayırmaqdır.
Daha sonra çıxış edən Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov və Mingəçevir ŞİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Sahib Əliyev müsəlman aləmində həmrəyliyi vacib edən amillər barədə danışıblar. Çıxışlarda dini radikalizmlə mübarizədə maarifçilik işinin təşkilinə xüsusi önəm verilməsinin vacibliyi də diqqətə çatdırılıb.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.