Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
13.03.2017 / İslam Həmrəyliyi İli

Lənkəranda “İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda seminar-müşavirə keçirilib

Martın 13-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində “İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda seminar-müşavirə keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin birinci müavini Səyyad Salahlı, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Dadaşov, DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Lənkəran bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Qəni Axundzadə, dini icma sədrləri, din xadimləri, rayon ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Dadaşov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin sağlam təməllər üzərində qurulduğunu, multikulturalizmin dövlət siyasətinə çevrildiyini  bildirib. İlqar Dadaşov qeyd edib ki, bu ilin “İslam Həmrəyliyi İli” elan olunması İslam dünyasında həmrəyliyə, birliyə töhfə olmaqla yanaşı, həm də dünyada sivilizasiyalar arasında həmrəyliyə müsbət təsir göstərəcək.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin birinci müavini Səyyad Salahlı ölkəmizdə bütün dinlərə bərabər münasibət göstərildiyini vurğulayaraq ölkəmizdəki multikultural və tolerant mühitin bütün dünyada müasir və mütərəqqi  model kimi qəbul edildiyini diqqətə çatdırıb. Tarix boyu müxtəlif qüvvələrin müsəlman dünyasının birliyinə mane olmağa çalışdığını bildirən Səyyad Salahlı hər bir müsəlmanın təəssübkeşlikdən qaçmalı olduğunu və müsəlman dünyasının vəhdətini qüvvətləndirmək üçün inamlı addımlar atmalı olduğunu diqqətə çatdırıb. Bu məqsədlə cənab Prezident İlham Əliyev tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunmasının müasir dövrün çağırışlarını özündə ehtiva etdiyini və ölkəmizin tarixi missiyanı həyata keçirdiyini bildirib.
Səyyad Salahlı respublikamızda  dövlət-din münasibətlərinin daha yüksək səviyyədə   tənzimlənməsi,  dini maarifləndirmə işinin  təşkili və həyata  keçirilməsi, həmçinin dini  icmaların  cəmiyyətdə radikalizm  meyillərinin qarşısının alınması  və sosial  problemlərinin həlli prosesinə  cəlb olunması sahəsində dövlətin həyata keçirdiyi tədbirləri din xadimlərinin nəzərinə çatdırıb. Komitə sədrinin birinci müavini, eyni zamanda İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri barədə dini icma sədrlərinə tövsiyələrini verib, onları İslam həmrəyliyinin təbliğində fəal olmağa çağırıb.
Sonda mövzu ətrafında müzakirələr aparılıb.