Facebook
X
Instagram
YouTube
TikTok
Telegram
03.04.2017 / İslam Həmrəyliyi İli

Lənkəranda “İslam həmrəyliyi dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” adlı layihə uğurla icra olunur

Prezident İlham Əliyevin dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə 27 noyabr 2014-cü il tarixli Sərəncamına əsasən maliyyə yardımı almış Lənkəran rayonu Cil kənd “Hüseyniyyə” məscidi dini icması tərəfindən həyata keçirilən “İslam həmrəyliyi dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” adlı layihə çərçivəsində aprelin 3-də Lənkəran rayonu Cil kənd R.İbadov adına tam orta məktəbində vətənpərvərlik mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov və şöbənin əməkdaşları, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Asif İmanlı, Lənkəran şəhər Təhsil şöbəsinin aparıcı məsləhətçisi Ramin Höccətov, məktəbin müəllim və şagird heyəti iştirak edib.
Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov İslam dininin humanist və insani dəyərlərlə zəngin olan din olduğunu diqqətə çatdıraraq dinimizin olduğu kimi gənclər arasında təbliğ olunmasının zəruriliyindən bəhs edib.
Çıxış edən Cil kənd R.İbadov adına tam orta məktəbin direktoru Ağamoğlan Həbibov İslam dininin sülh, qardaşlıq dini olduğunu, insanları həmrəyliyə, birliyə çağırdığını qeyd edib.
Lənkəran ŞİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Asif İmanlı vətənpərvərliyin müqəddəs hiss olduğunu, vətən uğrunda şəhid olanların hər birimiz üçün nümunə olduğunu bildirib.
Lənkəran şəhər Təhsil şöbəsinin aparıcı məsləhətçisi Ramin Höccətov çıxışında  məktəblərdə vətənpərvərlik ruhunda keçirilən belə maarifləndirici tədbirlərin önəmini vurğulayaraq Azərbaycan gənclərinin dövlətinə, xalqına bağlı gənclər olduğunu diqqətə çatdırıb.
Cil kənd “Hüseyniyyə” məscidinin axundu, dini icmanın sədri Əliəşrəf Əliyev İslamda vətən sevgisi haqqında məlumat verib.
Cil kənd R.İbadov adına tam orta məktəbin Rus dili müəlllimi Səbirə Xurşudova İslam dininin qadınlara verdiyi dəyər, qiymət, qadınların müqəddəsliyi haqqında fikirlərini bölüşüb.
Tədbirdən sonra 2016-cı ilin aprel döyüşlərində ərazi bütövlüyümüz uğrunda qəhrəmancasına şəhid olmuş Cil kənd sakini Əlizaman İslamovun məzarı ziyarət edilib, ruhuna dualar oxunub.