Kürdəmirdə “İslamofobiya ilə mübarizədə İslam həmrəyliyinin əhəmiyyəti” mövzusunda tədbir keçirilib
Noyabrın 17-də Kürdəmir şəhər Heydər Əliyev Mərkəzində Kürdəmir Rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə 16 noyabr “Beynəlxalq Tolerantlıq Günü” münasibətilə “İslamafobiya ilə mübarizədə İslam həmrəyliyinin əhəmiyyəti” mövzusunda tədbir keçirilib.
Tədbirdə Kürdəmir RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elxan Qafarov, DQİDK-nın Təhlil və proqnozlaşdırma şöbəsinin əməkdaşı Azad Nəhmədov, Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun Kürdəmir rayonu üzrə nümayəndəsi Vüqar Nəsirov və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Kürdəmir RİH başçısı Aparatının nümayəndəsi Elxan Qafarov hazırda dünya miqyasında dini ayrı-seçkiliyin güclənməkdə, hətta bəzən dini zəmində qarşıdurmalara gətirib çıxarmaqda olduğunu qeyd edib. Belə neqativ halların Vətənimizə sirayət etməməsi və ölkəmizdə dini müxtəlifliyin vəhdəti, cəmiyyətdə tolerantlığın hakim mövqe tutması üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin apardığı siyasətin nəticəsində Azərbaycanın dünya dövlətlərinə tolerantlıq nümunəsi olmasından söhbət açıb.
Sonra “İslamafobiya ilə mübarizədə İslam həmrəyliyinin əhəmiyyəti” mövzusunda çıxış edən Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin əməkdaşı Azad Nəhmədov Azərbaycanda tolerantlıq, vəhdət, İslam həmrəyliyi, radikalizmə qarşı mübarizə və artan islamofobiya meyilləri haqqında danışıb. Məruzəçi ölkəmizdə dini-mənəvi irsə ehtiramın, müxtəlif mədəniyyətlərin dialoqunu, multikulturalizm və tolerantlıq ənənələrinin çox yüksək səviyyədə olduğunu diqqətə çatdırıb .
DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, Bilik Fondunun Kürdəmir rayonu üzrə nümayəndəsi Vüqar Nəsirov və Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Fizuli Cəfərov da mövzu ətrafında çıxışlar edərək respublikamızda bu sahədə görülən işlərdən söhbət açıblar.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.